Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası plenar sessiyalarla davam edib

 Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin  9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin  1-ci iclası plenar sessiyalarla davam edib

Fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası “Cənub Qaz Dəhlizi və yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi”: Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və “Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalarla davam edib.

Nazirlər sessiyasında açılış nitqi ilə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası ilə yanaşı Yaşıl Enerji Məşvərət Şurasının fəaliyyətə başlaması təbii qazla bərabər yaşıl enerjinin də bizim üçün prioritet olmasının təsdiqidir. Azərbaycan enerji təchizatında region ölkələri və Avropanın etibarlı strateji tərəfdaşı olduğunu vurğulayan nazir deyib ki, 2023-cü il həm Cənub Qaz Dəhlizi, həm də  Xəzərin yaşıl enerjisinin Avropaya ötürülməsi ilə bağlı fəaliyyətimizdə həlledici ildir: “2022-ci ildə Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükü 11,4 mlrd. m3-ə çatdırıldı. Qaz tədarükünün 2027-ci ilə qədər iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması üçün infrastruktura və apstrimə investisiya ilə bağlı qərarlarımızı tezləşdirməli, vaxt itirmədən bütün pay sahibləri mövqelərini konsolidasiya etməli və dəhlizin hərtərəfli şaxələnmə ilə genişləndirilməsinə başlamalıyıq. Bu gün, mənbəyi Azərbaycan olan “yaşıl enerji” dəhlizinin yaradılması da strateji prioritetimizdir. Ötən ilin dekabrında Avropa Komissiyasının siyasi dəstəyi ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Xəzərin Avropa ilə yaşıl enerji ilə birləşdirilməsi üzrə tarixi addım atdılar. XXI əsrin “yaşıl enerji” dəhlizi olmağa iddialı bu marşrutla ikin mərhələdə 3-4 QVt-lıq “yaşıl enerji”nin ötürülməsi nəzərdən keçirilir. Xarici enerji şirkətləri ilə 25 QVt-dan çox yaşıl enerji layihələri üzrə əməkdaşlığımız imkan verir ki, Azərbaycan yaxın gələcəkdə Avropa üçün “yaşıl enerji” və hidrogeni də təchiz edən mühüm və etibarlı tərəfdaşa çevrilsin.”

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz çıxışında bunları qeyd edib: “TANAP-ın Cənub Qaz Dəhlizinin əsas sütunu kimi birgə əməkdaşlığımızın konkret nümunəsi olduğunu deməyə ehtiyac belə yoxdur. Bu dəhliz, ortaq hədəfin ölkələri birləşdirə biləcəyini göstərir. Bütün bu nəhəng layihələr sıx əməkdaşlıqda səmərəli şəkildə həyata keçirilməkdədir. Bu dəhlizin tətbiqi və Avropaya ticari qaz axınının təmin edilməsi xüsusilə bu hədəfə çatmaq üçün önəmli bir addımdır. Qaz həcmini artırmaq üçün əlavə ehtiyatlara və əlavə mənbə ölkələrinə ehtiyacımız vardır. Bu kontekstdə biz regionumuzun rifahı naminə Azərbaycan və Türkmənistanla əməkdaşlığı inkişaf etdirməyə hazırıq.”

İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratin bildirib: “Xəzər regionunun enerji resurslarının potensialı gələcək perspektivdə də Enerji siyasətimiz üçün vacib rol oynayır. Yeni uzunmüddətli təchizat müqavilələri vasitəsilə Aİ-na qaz tədarükünün 2027-ci ilə qədər ən azı 20 milyard kubmetrə çatdırılması üçün Cənub Qaz Dəhlizinin tutumunun artacağına ümid edirik. Bunun sadəcə istehlakçılar və ya İtaliya və Avropa kimi tranzit ölkələr üçün deyil, həm də istehsalçı ölkələr üçün önəmli bir perspektivin olduğuna inanırıq.”

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxman çıxışında ABŞ-Azərbaycan tərəfdaşlığının regional enerji əməkdaşlığı və təmiz enerjiyə keçid vasitəsilə enerji təhlükəsizliyi üçün zəmin yaradacağını qeyd edib.

Böyük Britaniyanın enerji təhlükəsizliyi və iqlim üzrə regional səfiri David Moran isə deyib: “Biz bp və digər Britaniya şirkətlərinin Cənub Qaz Dəhlizi və Azərbaycanın tərəqqisində oynadıqları transformativ roldan qürur duyur və Azərbaycanın yaşıl iqtisadiyyatın əsaslarını qoyduğu bir zamanda bu sıx əməkdaşlığın şaxələndirilməsinə davam edəcəyinə ümid edirik.”