2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
“Azərişıq” ASC Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən “Azərişıq” ASC işğaldan azad edilən bütün ərazilərimizdə, o cümlədən coğrafi quruluşuna görə ən çətin relyefə malik Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir.
Kəlbəcər şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya və İdarəetmə Mərkəzinin, İstisu ərazisində 110/35 kV-luq yarımstansiyanın inşası, eləcə də 35 kV-luq xətlərin çəkilişi sürətlə aparılır. Ağqaya, Qamışlı və Mərcimək istiqamətində yenidənqurma işləri gedir. Qeyd edilən kəndlərdə yeni dayaqlar basdırılır və müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir. Rayonun şəhər ərazisindəki Qospitalda, həmçinin Cermux, Yellicə, Zəylik, İstisu, Zod, Zar, Yanşaq, Keşdək kəndlərində yerləşən mühüm obyektlərin elektrik enerjisi ilə təmin olunması üçün 35 kV-luq elektrik verilişi xətlərinin çəkilişi işləri tam yekunlaşıb. Kəlbəcər rayonunda 2024-cü il ərzində yeni 110/35 kV-luq 2×25 MVA gücündə “Şəhər” yarımstansiyasının tikintisi və mövcud 110 kV-luq şəbəkə ilə əlaqələndirilməsi, 110/35/10 kV-luq “Qamışlı” yarımstansiyasından çıxan 110 kV-luq mövcud hava xəttinin Kəlbəcər şəhəri ərazisindən İstisuya qədər olan hissəsinin 110 kV-luq iki dövrəli hava xətti ilə yenidən qurulması və Şəhərsalma planına əsasən rayonun Zallar, Yanşaq, Zar kəndlərinin elektrik enerjisi ilə təmin olunması üçün 35 kV-luq elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulur.
Laçında rayonunda da böyük ölçüdə işlər görülüb. Hazırda Qorçu və Tiğik istiqamətində elektrik şəbəkələri yenilənir. Laçın şəhəri daxilində yeraltı xətlərin çəkilişi davam edir. Rayonun Şəlvə, Malıbəyli, Qaragöl, Cağazur və Minkənd kəndlərində yerləşən mühüm obyektlərin elektrik enerjisi ilə təmin olunması üçün 35 kV-luq elektrik verilişi xətlərinin çəkilişi işləri tam yekunlaşıb. Hazırda Tiğik kəndinin elektrik enerjisi ilə təmin olunması üçün 35 kV-luq hava xəttinin çəkilişi davam edir. Laçın rayonunda 2024-cü il ərzində şəhər ərazisində yeni 35 kV-luq, Minkənd ərazisində 1 ədəd 35 kV-luq yarımstansiyaların tikintisi, bu yarımstansiyalar istiqamətində 35 kV-luq ÖİN xəttinin çəkilməsi və Şəhərsalma Planına əsasən rayonun Güləbird, Şəlvə, Qorçu qəsəbəsinin elektrik enerjisi ilə təmin olunması üçün 35 kV-luq elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulur.
Ümumilikdə, görülən işlərin yekununda Kəlbəcərlə Laçın rayonlarının elektrik şəbəkələrini biləşdirən dairəvi elektrik təchizat sxemi yaradılacaq.
Qeyd edək ki, “Azərişıq” ASC elektrik təsərrüfatının yenidən qurulması ilə bağlı işləri ölkənin bütün regionlarında paralel olaraq davam etdirir.