IRENA and Azerbaijan Unveil Renewable Energy Partnership for Central Asia at COP29
Ər-Riyadda “ACWA Power” şirkətinin Azərbaycanda icra etdiyi layihələr müzakirə edilib
Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə görüşüb.
Görüşdə 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası, quruda və dənizdə ümumi gücü 2.5 QVt olan külək enerjisi, həmçinin enerji saxlanc sistemləri layihələri üzrə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib.
“Xızı-Abşeron” KES-in reallaşdırılması ilə bağlı fəaliyyət planı və müddətlər nəzərdən keçirilib. İmzalanmış müqavilələrdən irəli gələn məsələlər müzakirə edilib və stansiyanın tikintisinin intensivləşdirilməsi razılaşdırılıb. Külək Elektrik Stansiyasının 2025-ci ildə istismara veriləcəyi bildirilib. Stansiyada ildə 1 milyard kVt.saat elektrik enerjisinin istehsal edilməsi planlaşdırılır ki, bu da 220 milyon kubmetr təbii qaza qənaətə və 400 min tondan artıq CO2 emissiyasının atmosferə atılmasının qarşısını almağa imkan yaradacaq.
Görüşdə, həmçinin Naxçıvanda bərpa olunan enerjinin inkişafı və ölkəmizdə hidrogenin istehsalının dəyərləndirilməsi ilə bağlı aparılan araşdırmaların nəticələrinə dair fikir mübadiləsi aparılıb. “ACWA Power” şirkəti Naxçıvanda “yaşıl enerji” layihələrində iştiraka dəvət edilib.