“Zəfərin enerjisi” adlı filmi ilk dəfə nümayiş olunub

 “Zəfərin enerjisi” adlı filmi ilk dəfə nümayiş olunub

Zəfər Günü ilə bağlı “AzərEnerji” ASC tərəfindən silsilə tədbirlər keçirilir. Rayonlarla yanaşı Bakıda da bir sıra tədbirlər keçirilib. Səhmdar Cəmiyyətin Baş idarəetmə, elm, tədris və laboratoriya mərkəzində keçirilən tədbirdə “AzərEnerji”nin İctimaiyyətlə əlaqələr və Media Mərkəzi tərəfindən hazırlana “Zəfərin enerjisi” adlı film nümayiş olunub.

“AzərEnerji”nin rəhbəri Baba Rzayev çıxış edərək Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun və bütövlükdə xalqımızın yumruq kimi birləşib 30 illik qəzəb hissini Qələbə sevincinə çevirməsinin ikinci ili tamam olması münasibəti ilə energetikləri təbrik edib. Bildirib ki, bu iki ildə zəfər sevincini xalqımız Qarabağ və Şərqi Zəngəzurun quruculuq və dirçəliş sevinci ilə paralel yaşayır. “Təbii ki, bu inkişaf və quruculuq işlərində energetiklərin də üzərinə böyük məsuliyyət düşür. Məhz buna görə də, Cənab Prezidentin tapşırığı ilə bu günə kimi “AzərEnerji” tərəfindən işğaldan azad edilən ərazilərdə 22 enerji obyektinin – 9 su elektrik stansiyası, 12 yarımstaniya və bir Regional Rəqəmsal İdarəetmə mərkəzində tikinti işlərinə başlanılıb. Bu günə kimi 14 enerji obyekti Cənab Prezidentin iştirakı ilə istismara verilib. Digər 9 enerji obyektinin təməlqoyma və tikinti ilə tanışlıq tədbirlərində Cənab Prezident iştirak edib”. Tikilən 9 enerji obyektinin yaxın vaxtlarda istismara veriləcəyini deyən Baba Rzayev müharibə zamanı Müzəffər Ali Baş Komandanın hərb və diplomatiya meydanında uğurlarından, Mingəçevirdəki Elektrik Stansiyalarının hədəfə alınmasından, qəhrəman Azərbaycan əsgərinin şücayətindən danışıb.

Tədbirdə qeyd edilib ki, 44 günlük Vətən müharibəsində “Azərenerji” ASC-nin 130 əməkdaşı iştirak edib. Onlardan ikisi şəhidlik zirvəsinə ucalıb. 12 əməkdaşın övladı şəhid olub. 2020-ci ildən sonra əlavə olaraq 45 nəfər müharibə iştirakçısı işlə təmin edilib. Hazırda “AzərEnerji”də 44 günlük Vətən Müharibəsində iştirak edən 175 müharibə iştirakçısı var.

Daha sonra “AzərEnerji”nin Baş idarəetmə, elm, tədris və laboratoriya mərkəzində qanvermə aksiyası keçirilib. Qanvermə aksiyasında səhmdar cəmiyyətin 100-dən artıq əməkdaşı Millil Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankına talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara kömək məqsədi ilə iştirak ediblər. Qeyd edək ki, Zəfər Günü ilə bağlı “AzərEnerji” tərəfindən keçirilən tədbirlər davam edir və bölgələrdəki elektrik stansiyaları, yarımstansiyalar və regional elektrik şəbəkələrinin əməkdaşları da aksiyalara qatılıblar.