2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Yerli universitetlərin layihələrin idarə edilməsi potensialı gücləndirilir
Bu gün bp yerli universitetlərin potensialının artırılması üçün daha bir layihənin uğurla başa çatdığını elan edib. Layihənin məqsədi bir sıra ali təhsil müəssisələrində layihələrin idarə edilməsi sahəsində səriştələri və bacarıqları daha da gücləndirmək idi.
bp bu layihəni eyni məqsədli bir təhsil proqramının davamı olaraq həyata keçirib. Belə ki, həmin proqram çərçivəsində bp və tərəfdaşları daha əvvəl 15 yerli universitetdə layihələrin idarə edilməsi komandalarının yaradılmasına və təliminə dəstək vermişdi.
Bu sonrakı layihənin məqsədi isə tələbələrə, həmçinin müəllim heyətinə təlim keçməklə universitetlərdə layihələrin idarə edilməsi potensialını əlavə resurslarla daha da gücləndirmək olub.
14 aylıq (noyabr 2021-ci il – yanvar 2023-cü il) bu layihə çərçivəsində aşağıdakı səkkiz ali təhsil müəssisəsini təmsil edən 95 tələbə və 123 heyət üzvünə təlimlər keçilib: Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Milli Aviasiya Akademiyası.
Layihədə iştirak edən tələbələrə 120 saatlıq təlimlər keçilib. Sonda ən yüksək bal toplayan 64 tələbəyə layihə menecerlərinin qiymətləndirilməsində dünya lideri olan IPMA (Beynəlxalq Layihə İdarəetmə Assosiasiyası) təşkilatının Səviyyə D sertifikatları təqdim olunub. Səviyyə D IPMA qiymətləndirilməsində dörd dərəcədən biridir. Təxminən 28 tələbə isə yerli AzPMA (Azərbaycan Layihə İdarəetmə Assosiasiyası) sertifikatlarına layiq görülüb.
Bundan əlavə, layihə çərçivəsində layihələrin idarə edilməsinə dair 52 saatlıq akademik tədris kursu hazırlanıb və bütün iştirakçı universitetləri təmsil edən 19 müəllim bu kursu öz universitetlərində effektiv şəkildə tədris etmək üçün təlimlər keçib.
Layihə çərçivəsində həmçinin səkkiz universitetin hamısına layihələrin idarə edilməsi ofislərini yaratmaqda kömək məqsədilə bu sahə üzrə mütəxəssis konsultasiyaları verilib.