Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə QƏRAR № 13

 Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə QƏRAR № 13

16.10.2021

Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 13

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
QƏRAR № 13
Bakı şəhəri, 16 oktyabr 2021-ci il
Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və SOCAR-ın müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Təbii qazın ölkədaxili tarifləri təsdiq edilsin (əlavə olunur).

2. Bu qərarın cədvəl bölməsinin 5-ci, 6-cı və 7-ci sətirləri üzrə tariflərə təbii qazın nəqli ilə bağlı xərclər daxildir.

3. Bu qərarın cədvəl bölməsinin 6.1.1-ci, 6.1.2-ci və 6.1.3-cü sətirlərində illik istehlak həcmi təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmidir.

4. Bu qərarda əhali istehlakçı qrupuna təbii qazı şəxsi tələbatını ödəmək məqsədi ilə istifadə edən məişət abonentləri aiddir.

5. 01.11.2021-ci il tarixinədək əhali tərəfindən istehlak olunmuş təbii qazın illik istehlak həcmi 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün dəyəri bu qərardan əvvəl qüvvədə olmuş tarifə uyğun olaraq hesablansın.

6. İxrac edilən elektrik enerjisinin və enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinin istehlak etdikləri elektrik enerjisinin istehsalı məqsədləri üçün qaz təchizatı  “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinin tələblərinə uyğun həyata keçirilsin.

7. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2021-ci il 30 iyul tarixli 8 nömrəli Qərarı bu qərar qüvvəyə mindiyi tarixdən ləğv edilsin.

8. Bu qərar 2021-ci il 1 noyabr tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                            Mikayıl Cabbarov