Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə

 Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 5

Bakı şəhəri, 3 may 2024-cü il

Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 756-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli, “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 fevral tarixli 2020 nömrəli Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2023-cü il 21 noyabr tarixli 423 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ödəniş məbləğinin hesablanmasına dair metodologiya”ya və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ödəniş məbləğləri təsdiq edilsin (əlavə olunur).

2. Qoşulma və təbii qaz təchizatı xidmətləri üzrə xərclərin uçotunun ayrı-ayrılıqda aparılması və qoşulma xidməti üzrə gəlir və xərclərə dair hər növbəti il ötən ilin faktiki, cari ilin proqnoz məlumatlarının İqtisadiyyat və Energetika nazirliklərinə təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə tapşırılsın.

3. Bu Qərar 2024-cü il 3 iyun tarixindən qüvvəyə minir.

 

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri                                                          Mikayıl Cabbarov