2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Tehranda Azərbaycan və İranın energetika nazirlərinin görüşü olub
İran İslam Respublikasında səfərdə olan energetika naziri Pərviz Şahbazov bu ölkənin energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb.
Məhdud və geniş tərkibdə keçirilən görüşlərdə iki ölkə arasında elektroenergetika sahəsində aktual əməkdaşlıq məsələləri müzakirə edilib. Nazirlər Araz çayı üzərində “Xudafərin” və “Qız-Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi layihəsinin icra vəziyyəti, həmçinin Birgə Texniki Komissiya və İşçi Qrupu çərçivəsində həyata keçirilən proseslərə dair fikir mübadiləsi aparıblar. Hidroqovşaqlar üzrə işlərin tamamlanma mərhələsində olmasından məmnunluq ifadə edilib, tezliklə “Xudafərin” və “Qız-Qalası” hidroqovşaqlarının açılış mərasiminin keçiriləcəyi bildirilib. Həmçinin elektrik stansiyalarının inşası ilə bağlı məsələlərin tezləşdirilməsinin vacibliyi vurğulanıb, prosesin sürətləndirilməsi razılaşdırılıb. Su ehtiyatlarından istifadə, həmçinin tarixi “Xudafərin” körpülərinin bərpası, qorunması və saxlanması üzrə İran tərəfi ilə birgə tədbirlərlə bağlı məsələlər müzakirə edilib.
Görüşdə Araz çayı üzərində 36 MVt gücündə Ordubad SES-in inşasını sürətləndirəcək tədbirlərin görülməsi, həmçinin Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi üzrə əməkdaşlığın hazırkı vəziyyəti nəzərdən keçirilib. Qısa müddətdə üçtərəfli görüşün keçirilməsi qərara alınıb. Söhbət zamanı elektrik enerjisinin mübadiləsi, həmçinin tranziti üzrə əməkdaşlığın genişləndirilməsi də müzakirə olunub. Əməkdaşlıq gündəliyində olan prioritet layihələrin inkişafı istiqamətində qarşılıqlı səylərin gücləndirilməsi razılaşdırılıb.
Yekunda görüşün nəticələrinə dair mətbuat konfransı keçirilib.