Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə

 Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 18

Bakı şəhəri, 29 dekabr 2024-cü il

Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və SOCAR-ın müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Təbii qazın ölkədaxili tarifləri təsdiq edilsin (əlavə olunur).

2. Bu qərarın cədvəl bölməsinin 3-cü, 4.1.1-4.1.3-cü, 4.2.1-4.2.5-ci  və 5-ci sətirləri üzrə təsdiq olunmuş tariflərə təbii qazın nəqli və saxlanması ilə bağlı xərclər (tariflər) daxildir.

3. Bu qərarın cədvəl bölməsinin 4.1.1-ci, 4.1.2-ci və 4.1.3-cü sətirlərində illik istehlak həcmi təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmidir.

4. 2025-ci il 2 yanvar tarixinədək istehlak olunmuş təbii qazın dəyəri bu qərardan əvvəl qüvvədə olmuş tarifə uyğun olaraq hesablansın.

5. İxrac edilən elektrik enerjisinin və enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinin istehlak etdikləri elektrik enerjisinin istehsalı məqsədləri üçün qaz təchizatı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci hisssinin tələblərinə uyğun həyata keçirilsin.

6. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2021-ci il 16 oktyabr tarixli 13 nömrəli Qərarı bu qərar qüvvəyə mindiyi tarixdən ləğv edilsin.

7. Bu qərar 2025-ci il 2 yanvar tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri                                                           Mikayıl Cabbarov