Suqovuşan qəsəbəsi elektrik enerjisi ilə təmin olunub

 Suqovuşan qəsəbəsi elektrik enerjisi ilə təmin olunub

APA –ya  istinadən, “Azərişıq” ASC, işğaldan azad olunmuş Suqovuşanda elektrik enerjisi təchizatını bərpa etmək üçün icra etdiyi tədbirləri yekunlaşdırıb. Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkilib. 35 kV-luq iki dövrəli xəttin çəkilişində izolyasiyalı kabeldən istifadə olunub. Suqovuşan ərazisinin elektrik təchizatını təmin etmək üçün müasir izolyasiyalı və mühafizəli 35 kV kabel xəttindən istifadə, ənənəvi elektrik veriliş xətlərinə nisbətən xəttin texniki itkilərini 2,3 dəfə, illik qəza və planlı açılmalar sayını 25-30 dəfə, sərt iqlim şəraitində, qarlı və buzlu havalarda qəza təhlükəsini dəfələrlə, istifadə olunan dayaqlara çəkilən xərcləri 3-5 dəfə, istismar və saxlanma xərclərini 4 dəfə azaltmaqla yanaşı, əhalinin həyat və sağlamlığına təhlükə ehtimalı aradan qaldırılır, hər 1 km elektrik xəttinin mühafizə zonasına görə 5 dəfədən artıq faydalı torpaq sahəsinin istifadəsinə imkan verir.

Ümumilikdə, Suqovuşan elektrik veriliş xəttinin 35 kV-luq müasir tip kabel ilə çəkilməsi nəticəsində şəbəkənin etibarlığının artırılması təmin edilib. Suqovuşan qəsəbəsinin daxili şəbəkəsində isə 0.4 kV-luq hava xətləri bərpa edilib, yeni SİP kabellər çəkilib.  Qəsəbəyə elektrik enerjisinin verilişi  təmin edilib.