“SUQOVUŞAN-1” VƏ “SUQOVUŞAN-2” KİÇİK SU ELEKTRİK STANSİYALARININ AÇILIŞI OLUB

 “SUQOVUŞAN-1” VƏ “SUQOVUŞAN-2” KİÇİK SU ELEKTRİK STANSİYALARININ AÇILIŞI OLUB

Oktyabrın 3-də Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarının yenidənqurmadan sonra açılışı olub.

Açılışda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyalarda görülmüş işlər barədə yaxından tanış olub.  “Suqovuşan-1” və “Suqovuşan-2” stansiyalarında  görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, “Suqovuşan-1” Kiçik Su Elektrik Stansiyasında ildə 13,8 milyon kVt/saat elektrik enerjisi istehsal olunacaq.  Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki “Suqovuşan-1” və “Suqovuşan-2“ Kiçik Su Elektrik Stansiyalarının ümumi gücü 7,8 meqavatdır. Erməni qəsbkarları döyüşlər zamanı 4,8 meqavat gücündə “Suqovuşan-1” və 3 meqavat gücündə “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Həmçinin döyüşlər zamanı bu elektrik stansiyalarına ciddi ziyan dəyib və nəticədə onlar tamamilə yararsız vəziyyətə düşüb.

Hər iki stansiya əsaslı şəkildə yenidən qurulub, o cümlədən onların idarəetmə mərkəzinin binaları və avadanlıqları, stansiyalararası elektrik veriliş xətti tam yenilənib. “Suqovuşan-2” stansiyasında ildə 8,7 milyon kVt/saat elektrik enerjisinin istehsal olunması nəzərdə tutulub.

Dövlət başçısı stansiyaları işə salıb.

Qeyd edək ki, “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları işğaldan azad olunmuş ərazilərin, xüsusilə Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq. Həmçinin burada istehsal olunan elektrik enerjisi paylayıcı şəbəkənin yeni çəkilən xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.

Daha sonra Prezident İlham Əliyev Suqovuşan su anbarında görülən işlərlə də tanış olub.