2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Startap potensialının inkişafına mühüm dəstək
bp Azərbaycan ölkənin startap ekosisteminin inkişafını dəstəkləmək məqsədilə bir yeni layihəyə sponsorluq edir. Azərbaycan İnnovasiyalar Agentliyi ilə əməkdaşlıqda həyata keçirilən bu layihənin məqsədi Avropanın biznes ekosisteminə inteqrasiya edə biləcək güclü milli startap potensialı yaratmaqdır.
Layihə strukturlaşdırılmış proqramlara əsaslanacaq. Bu proqramlara bilik və potensialın yaradılması məqsədli təlimlər, həmçinin müxtəlif dəstək və konsultasiya fəaliyyətləri daxildir. Proqramlar dövlət və özəl sektordan olan beynəlxalq və yerli tərəfdaşların təcrübəsi, şəbəkəsi və resurslarından istifadə etməklə onların birgə səyləri ilə həyata keçiriləcək. Proqramlara həmçinin layihə iştirakçılarını Macarıstan (Mərkəzi Avropa), Almaniya və Birləşmiş Krallığı (Qərbi Avropa) əsas götürməklə Avropanın innovasiya ekosistemi ilə tanış etmək üçün nəzərdə tutulmuş bir sıra mentorluq və kouçinq fəaliyyətləri də daxildir.
bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Bu yeni layihə ölkənin startap icmasının inkişafını dəstəkləmək üçün bir yeni imkandır və biz ona qoşulmaqdan çox məmnunuq. Ümid edirik ki, layihə bu icmanın nümayəndələrini Avropanın innovasiya ekosisteminə qovuşdurmaqla onların möhkəm və uğurlu beynəlxalq genişlənmə strategiyaları qurmalarına və Avropa ekosisteminə inteqrasiya etmələrinə yardım edəcək.
Layihənin əsas məqsədlərindən biri də Avropa İttifaqı və regiondakı innovasiya ekosistemləri ilə əməkdaşlığı gücləndirməklə Azərbaycan İnnovasiyalar Agentliyi üçün potensialın yaradılmasına dəstək verməkdir. İnanırıq ki, layihə beynəlxalq innovasiyalara dair bilik və təcrübələrdən istifadə imkanı yaratmaqla ölkənin ümumi startap potensialına güclü və dayanıqlı töhfə verəcək.”
Layihənin əsas komponenti potensialın yaradılmasına yönəlmiş “Avropanı kəşf et” adlı ikimodullu təlim proqramıdır. Birinci modul startap biznesi olan, yaxud şirkət rəhbərləri və ya sahibləri olan və Avropa bazarına çıxmağı hədəfləyən gənc sahibkarlar üçün nəzərdə tutulub. Bu modul biznesin qurulması və Avropada potensial tərəfdaşların müəyyənləşdirilməsinə yönələcək. İkinci modul isə startap biznesi qurmaq istəyən, lakin sahibkarlıq təcrübəsi olmayan istedadlı universitet tələbələri üçün nəzərdə tutulub.
Layihənin sonunda hər təlim modulundan dörd nəfər olmaqla, yəni ümumilikdə proqramı uğurla bitirmiş səkkiz məzun beynəlxalq innovasiya mərkəzləri ilə tanış olmaq üçün Avropaya səfər etmək imkanı qazanacaq.
Layihənin müddəti bir ildir və onun dəyəri 272 000 AZN təşkil edir. Layihə “Turan Trade” yerli şirkəti tərəfindən icra olunacaq.