2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
“Star” neft emalı zavodu Dünya İqtisadi Forumunun “Global Lighthouse” şəbəkəsinə daxil edilib
SOCAR-ın Türkiyədə fəaliyyət göstərən “Star” neft emalı zavodunun Davos Dünya İqtisadi Forumunun “Global Lighthouse” şəbəkəsinə daxil edilməsi ilə bağlı mükafata layiq görülüb. Mükafat, Azərbaycan nümayəndə heyətinin tərkibində Forumda iştirak edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarova təqdim olunub. Mükafata görə təşəkkürünü bildirən iqtisadiyyat naziri SOCAR-ın ikinci müəssisəsinin bu mükafata layiq görülməsindən qürur duyduğunu ifadə edib. Müşahidə Şurasının sədri deyib ki, SOCAR-ın əsas məqsədi dəyişən dünyaya uyğunlaşmaqla yanaşı, bu dəyişikliklərin önündə getməkdir.
SOCAR-ın milli şirkət olaraq strategiyasında sosial məsuliyyətə də böyük önəm verdiyini söyləyən nazir şirkətin korporativ strategiyasının Dünya İqtisadi Forumunun və “Global Lighthouse” şəbəkəsinin ideyaları ilə eynilik təşkil etməsinin məmnunluq doğurduğunu vurğulayıb.
Müşahidə Şurasının sədri bildirib ki, SOCAR qlobal enerji şirkəti kimi, “Yaşıl enerji”yə keçid və qabaqcıl texnologiyaların tətbiqi istiqamətində bundan sonra da əzmlə fəaliyyət göstərəcək. Mikayıl Cabbarov gələcəkdə SOCAR-ın “Global Lighthouse” şəbəkəsinin yüksək standartlarını əldə edən daha çox müəssisəsinin olacağına əminliyini ifadə edib.
Qeyd edək ki, “Star” neft emalı zavodu “Global Lighthouse” şəbəkəsinə müasir texnologiyaları tətbiq etməsi, bu sahəyə böyük sərmayələr yatırması və bu kimi digər önəmli amillər nəzərə alınmaqla daxil edilib.
Ən qabaqcıl texnologiyaların tətbiq edildiyi müəssisələrin yer aldığı bu şəbəkəyə 2019-cu ildə SOCAR-ın törəmə müəssisəsi olan “Petkim” də daxil edilib.