2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
SOCAR üçüncü rübdə neft hasilatını 10%, qaz hasilatını 9% artırıb
SOCAR 2021-ci ilin üçüncü rübündə qazma və hasilat üzrə artıma nail olmuşdur. Şirkət üzrə 20 min metrdən artıq1 qazma işi həyata keçirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 82% çoxdur.Şirkətin istismar etdiyi yataqlarda 2 milyon tona yaxın2 neft, 2 milyard kubmetrə yaxın3 qaz çıxarılmış və beləliklə, SOCAR əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatını 10%, qaz hasilatını isə 9% artırmışdır. Şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər planı davamlı şəkildə icra olunmuşdur.
2021-ci ilin üçüncü rübündə ölkə üzrə 8,7 milyon tona yaxın4 neft, 11,3 milyard kubmetrdən artıq5 qaz hasil edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 6%, qaz hasilatında isə 38.6% artımın qeydə alınması deməkdir. Neft hasilatının artımı əsasən OPEC+ razılaşması çərçivəsində hasilata tətbiq olunan məhdudiyyətlərin nisbətən yumşaldılması ilə bağlı olub.
Üçüncü rüb üzrə ixrac göstəriciləri də qənaətbəxş olub. SOCAR tərəfindən 4,5 milyon ton6 neft ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% yüksək nəticədir. Qeyd edək ki, şirkət tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də SOCAR-ın özünə məxsus xam neft həcmlərini əks etdirir. Ölkə üzrə ixrac olunan təbii qaz həcmləri daha çox – 48% artırılaraq, 4,4 milyard kubmetr7 təşkil edib. Hesabat dövründə ölkə daxilində 2,4 milyard kubmetr8 qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur.
Cari ilin iyul-sentyabr ayları ərzində SOCAR tərəfindən 1,8 milyon ton9 neft emal olunub ki, bu da ötən ilin müvafiq aylarında olduğundan 46.5% çoxdur. Bu kəskin artım ötən il Heydər Əliyev adına NEZ-də aparılmış dövri təmir işlərinin məhz ilin üçüncü rübünə təsadüf etməsi ilə izah olunur. Bu ilin üçüncü rübündə isə zavod dövri təmirə dayanmayıb. Rüb ərzində SOCAR-ın Qaz Emalı Zavodunda 812 milyon kubmetr10 qaz emal edilib.
Üçüncü rübdə şirkətin ixrac etdiyi neft-qaz emalı və neft-kimya məhsullarının da həcmi nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. SOCAR Azərbaycandan təqribən 1.1 milyon ton11 həcmində, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 88% çox neft emalı və neft-kimya məhsulları ixrac etmişdir. Bu artımda, əlbəttə, yuxarıda göstərilən səbəbdən NEZ-də istehsalın yüksəlməsi mühüm rol oynayıb. Bununla yanaşı, yüksək təzyiqli polietilen, mütləqləşdirilmiş izopropil spirti və karbamid kimi kimya məhsullarının ixracında da əhəmiyyətli artım qeydə alınmışdır.
Redaktorlar üçün qeyd: Mətndə qeyd olunan rəqəmlər oxunaqlılıq məqsədi ilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər isə, müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilmişdir.
1 -20.236 metr
2-1.987.644 ton
3-2.002.497.000 m3
4-8.682.193 ton
5-11.340.169.000 m3
6-4.453.035 ton
7-4.447.460.000 m3
8-2.473.655.210 m3
9-1.839.959 ton
10-811.881.000 m3
11-1.074.651 ton