SOCAR-STP şirkətinin istehsal imkanları SOCAR-ın beynəlxalq tərəfdaşlarına təqdim olunub

 SOCAR-STP şirkətinin istehsal imkanları SOCAR-ın beynəlxalq tərəfdaşlarına təqdim olunub

Oktyabrın 19-da SOCAR prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri, BP AGT, KJOC, PETRONAS Azerbaijan, Baker Hughes, TotalEnergies, NICO Azerbaijan, Equinor, Schlumberger, CAMERON, Sumqayıt Texnologiyalar Parkı, JOCAP şirkətlərinin rəhbərləri SOCAR-STP-də olmuşlar.Səfərin reallaşdırılmasında məqsəd SOCAR-STP-nin müasir standartlara uyğun yaratdığı istehsalat və xidmət imkanları ilə ölkəmizdə fəaliyyət göstərən aparıcı şirkətləri tanış etmək idi. İndiyədək Azərbaycanda həyata keçirilən layihələrdə avadanlıqların bir hissəsi mürəkkəb loqistika şəraitində ölkəmizə idxal olunurdusa, artıq bir çoxu SOCAR-STP tərəfindən ölkə daxilində istehsal olunur və beynəlxalq şirkətlərin həyata keçirdiyi böyük layihələrdə istifadə oluna bilər. Bu günlərdə SOCAR-STP MMC şirkəti tanınmış Amerika Neft İnstitutunun (API) Monoqram Proqramı üzrə üç istehsal istiqaməti – fırlanan qazma komponentləri (API Spec 7-1), qazma yivləri və birləşməsi (API Spec 5CT), quyu başlığı və fontan armaturu məhsulları (API Spec 6A) üzrə sertifikatlara layiq görülüb. Bununla da SOCAR-STP API tərəfindən istehsal sertifikatlarına layiq görülən ilk yerli şirkət olmuşdur.

Qonaqlar Ağır maşınqayırma zavodunun termik emal sobasının, təzyiq tutumlarının istehsalı, istilik dəyişdiricilərinin istehsalı və təmiri, kran istehsalı, mexaniki emal, neft və qaz avadanlıqlarına xidmət sahələrində, koordinat ölçmə mərkəzində olmuş, onlara müvafiq sahələrin və mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, termik emal sobası yüksək təzyiqli tutumların qaynaq tikişlərinin gərginliyinin çıxarılması – normallaşdırılması üçün nəzərdə tutulmuşdur. Yükgötürmə qabiliyyəti 50 ton həcmində olan sobada maksimum temperatur 750 dərəcə C-dir. Burada 14 ədəd yeraltı və yerüstü çənin istehsalı nəzərdə tutulub. İstilik dəyişdiricilərinin istehsalı və təmiri sahəsində neft-kimya sənayesində və elektrik stansiyalarında istifadə olunan müxtəlif ölçülü yağ və su soyuducularının təmiri və istehsalının həyata keçirldiyi diqqətə çatdırılmışdır. Kran istehsalı sahəsində körpülü kranların yığıldığı və işıq dirəklərinin hazırlanması prosesinə baxış keçirən qonaqlara sahədə istehsal olunan kranlar, onların yükqaldırma qabiliyyəti və s. haqqında məlumat verilmiş, neft-qaz avadanlıqlarının xidmət sahəsində isə beynəlxalq API standartlarına uyğun əməliyyatların aparılması nəzərə çatdırılmışdır. İstehsal olunan avadanlıqların beynəlxalq standartlara uyğun olması onların Azərbaycanda beynəlxalq şirkətlərin iştirakı ilə həyata keçirilən layihələrə cəlb olunması üçün şərait yaratmışdır.

Dəqiq mexaniki emal zavoduna baş çəkən qonaqlar koordinat ölçmə maşınına baxış keçirmiş, müxtəlif növ və ölçüdə detalların emaldan sonrakı ölçülərinin yoxlanılması prosesi ilə əyani şəkildə tanış olmuşlar. Burada həmçinin mikrorimer qurğusuna və daxili sənədləşmə cihazı da nümayiş etdirilmişdir.

SOCAR-STP-nin rəhbəri Fərid Ağayev qonaqlara tədbirdə iştirakları üçün minnətdarlığını bildirdi və dedi: “Ümüdvaram ki, SOCAR-STP yaxın gələcəkdə MDB ölkələrində ən qabaqcıl şirkətlərdən olacaq, Sizin dəstəyinizlə yerli istehsalatın qaldırılması hamımızın borcudur. Həm yerli istehsalatın qaldırılması, həm də yeni müasir tələblərə cavab verən tələbələrin inkişafı istiqamətində hər birimiz dəstək olmalıyıq.”

Tədbirdə çıxış edən Rövnəq Abdullayev tez bir zamanda belə bir müəssisənin yaradıldığına görə fəxr etdiyini bildirdi.” “Ən müasir standartlara cavab verən müəssisə maşınqayırma sənayesinin bərpa olunması məqsədi ilə yaradılıb. Azərbaycanda neft maşınqayırma sənayesi həmişə yüksək səviyyədə olmuşdur. Cənab Prezidentinin göstərişi ilə SOCAR bu sahənin bərpasında aktiv mövqe tutdu. Maşınqayrıma sənayesində yenilik etmək istədik və yerli istehsalı artırmaq üçün bu sənayeyə maksimum dəstək verdik. İndi regionumuzun digər müəssisələrində icrası mümkün olmayan işləri burada görə bilirik. Bu gün xarici tərəfdaşlarımız, SOCAR-ın müəssisə və təşkilatlarının rəhbərləri buradadır. Burada yığışmağın səbəbi odur ki, tərəfdaşlarımız burada yaradılan imkanlarla tanış olsun və yararlana bilsin. Düşünürəm ki, bu müəssisənin gələcəyi parlaq olacaq”.

Yaşar Lətifov SOCAR-STP-nin müşahidə şurasının üzvləri adından çıxış etdi, bildirdi ki, müəssisə yerli istehsalın inkişafı və idxalın əvəzləşdirilməsi istiqamətində böyük işlər görmüşdür. Həmçinin o, Sumqayıt Texnologiyalar parkının rəhbərliyinə minnətdarlığını çatdırdı. “Amerika Neft İnstitutu tərəfindən məhsulun tanınması üzrə müvafiq sertifikatlaşdırılmanın təsdiqi, APİ Specification 1Q idarəetmə keyfiyyətinin təsdiqlənməsi, eyni zamanda müəyyən məhsullara API monoqramlı sertifikatların verilməsi bu müəssisənin məhsulunun və xidmətlərinin qlobal səviyyədə tanınmasının təsdiqidir. Bunun bəhrəsini yaxın zamanlarda ölkəmizdə də görəcəyik. SOCAR-STP-də açıq qapı siyasəti aparılır. Bütün orijinal avadanlığın istehsalçılarının evi ola bilər. Bütün bu nailiyyətlər, imkanlar qlobal pandemiya vəziyyətində əldə olunmuşdur. Bir milyon adam-saat həcmində işlər tam təhlükəsiz şəraitdə yerinə yetirilib”.

“Bp-Azərbaycanın” prezidenti Qəri Cons ilk öncə bu heyrətamiz yerə dəvət olunduğuna görə tədbir iştirakçılarına minnətdarlığını bildirdi və dedi: “Çox qısa zaman kəsiyində belə bir nailiyyət əldə etmək möhtəşəm hadisədir. Belə bir müəssisənin yaradılması Azərbaycan üçün inqilabi xarakter daşıya bilər. Çünki bundan əvvəlki dövrlərdə bütün neft avadanlığı digər ölkələrdən daşınırdı ki. İndi isə bu işlər Azərbaycanda həyata keçiriləcək. Biz müəssisə ilə tanışlıq zamanı bütün işçilərin gənc olmasını müşahidə etdik, bu da regionun və bu sahənin gələcək inkişafından xəbər verir və sözün əsl mənasında onların qarşısında mükəmməl imkanlar açır. İndi isə regionda çalışan digər layihə opertorlarına üzümü tutub deyirəm ki, bu artıq sizin üçün yeganə fürsətdir və bundan faydalanmalısınız. Bu növbəti 25 ildə bizi irəli aparacaq müəssəslərdən biri ola bilər. Belə bir nəticəni əldə etmək, təhlükəsiz icra etmək çox böyük nailiyyətdir”.

Xatırladaq ki, SOCAR (50%) və Sumqayıt Texnologiyalar Parkı (STP) (50%) tərəfindən 2020-ci ildə yaradılan “SOCAR-STP” MMC MDB regionunun ən böyük mexaniki avadanlıq emalatxanası və ağır kranlar zavodunu əhatə edən istehsalatı idarə edir. Birgə müssisənin yaradılması SOCAR və ölkənin ən iri sənaye komplekslərindən olan STP arasında neft-qaz hasilatı sektorunda maddi-texniki bazanın daha da təkmilləşdirilməsi, mütərəqqi texnologiyaların tətbiqi, texniki xidmət və mütəxəssis mübadiləsinin təminatı üzrə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi məqsədini daşıyır.