“SOCAR-Petrofac” BP ilə yeni müqavilə imzalayıb

 “SOCAR-Petrofac” BP ilə yeni müqavilə imzalayıb

“SOCAR-Petrofac” (birgə müəssisə), Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çiraq-Günəşlı” (AÇG) neft-qaz yataqları blokunun işlənilməsi (layihənin operatoru BP şirkətidir – red.) çərçivəsində “Azəri Mərkəzi Şərqi” layihəsi (ACE) üzrə 25 mln. ABŞ dolları dəyərində müqavilə bağlayıb.

“Petrofac” ın verdiyi məlumata görə, müqavilə səfərbərlik, layihənin istifadəyə təhvil verilməsi, sazlama üzrə mütəxəssislərin və digər ixtisaslaşmış personalın təqdim olunması işlərinə görə bağlanılıb. Ümumi qiyməti 6 mlrd. dollar olan layihəyə (ACE), yeni dəniz platforması və gündəlik 100 min. barrel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 mln. barrel neftin hasil olunması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, “Inpex” – 9,31%, “Equinor” (keçmiş “Statoil”) – 7,27%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

 Məlumat www.apa.az istinadən təqdim edilir.