SOCAR-ın 2023-cü ilin 3-cü rübü üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumat

 SOCAR-ın 2023-cü ilin 3-cü rübü üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumat

Cari ilin üçüncü rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 15 min metrdən1 çox qazma işləri həyata keçirilib. Hesabat dövründə şirkət tərəfindən 2 milyon tona2 yaxın neft, 2 milyard kubmetrə3 yaxın qaz hasil olunub və neft hasilatında cüzi artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 7,5 milyon tondan4 çox neft və 12 milyard kubmetr5 qaz hasil edilib. Qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4% artıb.

Hesabat dövründə SOCAR tərəfindən dünya bazarlarına 4,4 milyon tondan6 çox xam neft, Gürcüstan bazarına isə təqribən 71 milyon kubmetr7 təbii qaz ixrac olunub. Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə olaraq beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini ixrac edir. Ümumilikdə cari dövrdə ölkə üzrə 5,8 milyard kubmetrdən8 çox qaz ixrac edilib. Qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 12,9% artım qeydə alınıb.

Şirkətin Azərbaycandakı emal kompleksində 1,6 milyon tona9 yaxın neft, 811 milyon kubmetrə10 yaxın təbii qaz emal olunub. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 592 min ton11 neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə cüzi artım qeydə alınıb. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı təqribən 2,5 milyard kub metr12 təşkil edib.

Qeyd: Mətndə istifadə olunan rəqəmlər oxunaqlılıq məqsədilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilib.

  1. 15.232 metr
  2. 1.967.597 ton
  3. 1.987.970.000 kubmetr
  4. 7.539.673 ton
  5. 12.009.190.000 kubmetr
  6. 4,434,438.445 ton
  7. 71.125.000 kubmetr
  8. 5.819.356.000 kubmetr
  9. 1.593.210 ton
  10. 810.867.625 kubmetr
  11. 591.694 ton
  12. 2.486.221.000 kubmetr