2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
SOCAR-ın 2022-ci il üzrə əsas istehsalat göstəriciləri
Enerji bazarlarında müşahidə edilən volatilliyə, həmçinin qlobal iqtisadi aktivliyin zəifləməsinə baxmayaraq, SOCAR ötən istehsalat ilini uğurla başa vurmağa nail olub. Müvəffəqiyyəti şərtləndirən amillər sırasında idarəetmənin təkmilləşdirilməsi, müəssisələrimizin inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının tətbiqi, biznes dayanıqlılığının gücləndirilməsi və əməliyyat effektivliyinin artırılması xüsusi yer tutub. Səmərəli fəaliyyətin nəticələrəri öz əksini şirkətin əsas istehsalat göstəricilərində də tapıb.
2022-ci ildə SOCAR tərəfindən 73 min metrdən1 çox qazma işləri həyata keçirilib. Bu, 2021-ci ilin nəticələri ilə müqayisədə 18,6% çoxdur. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,8 milyon ton2 neft, 8,1 milyard kubmetr3 qaz hasil olunub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə qaz hasilatında 2,7% artım qeydə alınıb. Ölkə üzrə qaz hasilatında da artım tendensiyası davam edib və 2021-ci illə müqayisədə 6,6% artaraq, 46,7 milyard kubmetr4 təşkil edib. Ümumilikdə isə, 2022-ci il ərzində Azərbaycanda 32,6 milyon ton5 xam neft hasil olunub.
Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təqribən 2,6% artaraq 18,5 milyon tona6 yüksəlib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 19,3% artaraq 22,4 milyard kubmetrə7 yaxın olub.
Hesabat dövründə SOCAR tərəfindən Gürcüstana ixrac olunan qaz həcmləri 22,2% artaraq 1,4 milyard kubmetr8 təşkil edib. Ötən il ölkədə ümumilikdə 13,5 milyard kubmetrdən9 çox təbii qaz istehlak olunub, bu isə əvvəlki illə müqayisədə 4,4% çoxdur.
2022-ci il ərzində SOCAR tərəfindən 6,2 milyon ton10 neft, 3,5 milyard kubmetr11 qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2,2 milyon tondan12 çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.
Redaktorlar üçün qeyd:
Mətndə qeyd olunan rəqəmlər oxunaqlılıq məqsədilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər isə, müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilib.
1 73.084 metr
2 7.785.286 ton
3 8.069.963.000 kubmetr
4 46.736.972.000 kubmetr
5 32.646.406 ton
6 18.530.292 ton
7 22.379.601.000 kubmetr
8 1.411.751.000 kubmetr
9 13.533.971.000 kubmetr
10 6.198.370 ton
11 3.451.848.012 kubmetr
12 2.242.099 ton