2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
SOCAR ilə “ACWA Power” şirkəti arasında bərpa olunan enerji mənbələrinin işlənməsinə dair Əməkdaşlıq haqqında Saziş imzalanıb
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında 2 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasında dənizdə və quruda külək, günəş fotovoltaik və yaşıl hidrogen kimi bərpa olunan enerji, həmçinin onlarla əlaqəli digər potensial layihələrin birgə işlənməsinə dair Əməkdaşlıq haqqında Saziş imzalanıb.
Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması, həmçinin istixana qazı emissiyalarının 2050-ci ilə qədər 40%-dək azaldılması hədəflənir. Sözügədən Saziş Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə töhfə verməklə yanaşı, bu əməkdaşlıq çərçivəsində icra ediləcək potensial layihələr Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin və ölkənin davamlı iqtisadi inkişafına imkan yaradacaq.
Bərpa olunan enerji sahəsində Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu şirkəti olan “ACWA Power” hazırda Azərbaycanda 240 MVt gücündə külək elektrik stansiyası layihəsini icra edir. Stansiyanın hər il bir milyard kilovat-saat elektrik enerjisi istehsal etməklə, təqribən 220 milyon kub metr qazın qənaət edilməsinə və atmosferə atılan tullantıların ildə 400 000 tondan çox azaldılmasına imkan yaradacağı nəzərdə tutulur.