SOCAR dənizdə üzən külək elektrik stansiyasının tikintisində maraqlıdır

 SOCAR dənizdə üzən külək elektrik stansiyasının tikintisində maraqlıdır

İyulun 15-də imzalanan  SOCAR və Technip Energies şirkətləri arasında “Upstream Sektorunda Davamlı İstehsal üçün Əməkdaşlıq Sazişi” çərçivəsində dənizdə üzən külək elektrik stansiyasının tikintisi və  onun vasitəsi ilə neft-qazçıxarma əməliyyatlarının enerji ilə təchiz olunmasını nəzərdə tutan pilot layihənin ortaq şəkildə icrası imkanları dəyərləndiriləcəkdir.

Hazırda Xəzər dənizində həyata keçirilən neft və qazçıxarma əməliyyatlarında əsasən təbii qazdan istehsal olunan elektrik enerji istifadə olunur. Texniki-iqtisadi dəyərləndirmə və pilot layihənin əsas məqsədlərindən biri Azərbaycanın neft-qaz sənayesinin alternativ enerji ilə təminat perspektivlərini müəyyən etmək, təbii qaz sərfini azaltmaq və ixrac həcmlərini artırmaqdır.

Xatırladaq ki, Technip şirkəti 2016-cı ildə SOCAR-ın “Azərikimya” İB-nin modernizasiya layihəsi çərçivəsində başladığı fəaliyyətini bu il uğurla tamamlamışdır. 60 ildən çox təcrübəsi olan Technip Energies şirkəti dünyanın 34 ölkəsində fəaliyyət göstərir. Şirkətin ümumilikdə 15 min əməkdaşı var. Şirkət LNG (mayeləşdirilmiş qaz), hidrogen istehsalı, dayanıqlı (yaşıl) kimya, bioyanacaq, dekarbonizasiya və digər sahələrdə mühəndislik və tikinti xidmətlərini həyata keçirir.