SOCAR 2020-ci il üzrə maliyyə hesabatını açıqladı

 SOCAR 2020-ci il üzrə maliyyə hesabatını açıqladı
SOCAR pandemiya dövründə həyata keçirdiyi optimallaşdırma tədbirləri nəticəsində gözlənilən zərərini azaltmağa nail olub.

Dünya neft sənayesi tarixinin ən təlatümlü dövrü kimi yaddaşlarda qalan 2020-ci ildə SOCAR neft və qaz yataqlarının işlənməsi, karbohidrogenlərin nəqli və satışı seqmentlərində əldə etdiyi müsbət nəticələr hesabına üzləşə biləcəyi xalis zərəri azaltmağa nail olub. Hesabat ilində şirkətin ümumi dövriyyəsi 49,6 milyard manat təşkil edib. Dövriyyənin azalmasına dünya bazarında neft və təbii qazın qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, həmçinin neft və neft-kimya məhsullarının gəlir marjalarının əhəmiyyətli dərəcədə azalması təsir göstərib.

2020-ci il, əsasən, apstrim seqmenti, yəni neft və qaz yataqlarının işlənməsi üçün çətin dövr olsa da, SOCAR bu sahədə əsaslı optimallaşdırma tədbirləri həyata keçirməklə, 1,4 milyard manat, ticarət, paylanma və satış seqmentində isə 0,3 milyard manatlıq mənfəət əldə edib. Bu isə hətta 2019-cu ildə bu iki seqment üzrə əldə olunan 1,6 milyard manat cəmi xalis mənfəətdən çoxdur.