Şahdənizdə planlaşdırılmış profilaktik işlər proqramı icra edilir

 Şahdənizdə planlaşdırılmış profilaktik işlər proqramı icra edilir

bp, Şahdənizin illik iş proqramının bir hissəsi olaraq Şahdəniz Alfa platformasında və Səngəçal terminalındakı Şahdəniz 1 qurğularında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilməyə başlayıb.  Plana əsasən Şahdəniz Alfa platformasından hasilat 2022-ci il avqust  ayının 14-dən etibarən 14 gün ərzində dayandırılıb planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işlərinin effektiv şəkildə aparılmasına başlanılıb.

Proqram çərçivəsində Səngəçal terminalının Şahdəniz 1 hissəsində vacib təhlükəsizlik avadanlıqlarının qabaqlayıcı profilaktikası və  yoxlama işləri, məşəl kabellərinin dəyişdirilməsi, yeni qaz analayzer avadanlıq dəstnin quraşdırılması (metan qazı intensivliyini ölçmək üçün), monoetilen glikol xəttinin təzyiq artımından qorunması üçün bəzi işlər, ventillərin dəyişdirilməsi, nukleonik mənbələrin dəyişdirilməsi və s. kimi profilaktik əməliyyatlar və yoxlamalar həyata keçiriləcək. Parallel olaraq, Şahdəniz Alfa platformasında da  müxtəlif təmir işləri, yeni qaz analayzer avadanlıq dəstinin quraşdırılması (metan qazı intensivliyini ölçmək üçün), nukleonik mənbələrin dəyişdirilməsi, üç mürəkkəb ventil avadanlığının dəyişdirilməsi və s. kimi layihə işləri həyata keçiriləcək.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2021-ci ildən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2022-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Alfa platformasının müvəqqəti dayandırılması da bu ilin hasilat planına daxil edilmişdir.

Proqram müddəti ərzində Şahdəniz Bravo platforması və ümumilikdə Şahdəniz 2 hasilat və ixrac sistemi, Səngəçal terminalındakı Şahdəniz 2 qurğuları normal əməliyyatlarını o cümlədən regional və Avropa bazarlarına qaz təchizatını davam etdirəcək.

Həmçinin Azəri-Çıraq-Günəşli (AÇG) platformalarının hamısından – Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Çıraq, Dərinsulu Günəşli və Qərbi Çıraq  paltformalarından hasilat, Səngəçal terminalının  AÇG və İlkin Neft Layihəsi hissələri, həmçinin Bakı-Tbilisi-Ceyhan vasitəsilə ixrac əməliyyatları normal davam edəcək.

Bu planlaşdırılmış proqramlar müntəzəm inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya   işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.