2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Şərqi Azəri platformasının profilaktik işləri uğurla başa çatıb
Azəri Çıraq Günəşli yatağının illik iş proqramının bir hissəsi kimi Şərqi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilib. Plana əsasən Şərqi Azəri platformasından hasilat iyun ayının 13-dən başlayaraq 15 gün müddətinə dayandırılmış və profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə yerinə yetirilib. Proqram təhlükəsiz və uğurlu şəkildə başa çatmışdır.
Bu proqram çərçivəsində müxtəlif layihələr, o cümlədən məşəl alışdırma sisteminin modernləşdirilməsi, radioizotop mənbələrin dəyişdirilməsi və vacib təmir işləri həyata keçirilmişdir.
Proqramın iş həcminə həmçinin Şərqi Azəri platformasında izolyasiyalı qaz ötürücü və işəsalma modulunun quraşdırılması işləri də daxil edilib. Profilaktik işlərin yerinə yetirilməsi ACE platformasının Azəri yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə enerji istehsalının optimallaşdırılmasına imkan yaradacaqdır.
Belə proqramlar normal əməliyyatların bir hissəsi olub, planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2021-ci ildən başlanmış və proqram üzrə həyata keçirilən işlər 2022-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilmişdir.
AÇG-nin digər platformalarından, həmçinin Şahdəniz yatağının platformalarından hasilat, Səngəçal terminalında əməliyyatlar, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri (CQBK və CQBKG) vasitəsilə ixrac əməliyyatları normal davam etmişdir.
Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi məqsədilə aparılır. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissəsi olub, profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.