2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Qvineya-Bisau ilə enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Energetika naziri Pərviz Şahbazov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Qvineya-Bisaunun ətraf mühit naziri Viriato Kassama ilə yanaşı, Energetika və Təbii Sərvətlər nazirliklərinin, həmçinin bu ölkənin Dövlət Neft Şirkətinin nümayəndələri də iştirak ediblər.
Görüşdə ikitərəfli əlaqələrin inkişafı məqsədilə enerji sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib. Qvineya-Bisau, Azərbaycanın neft-qaz, geoloji kəşfiyyat, enerji keçidi və dekarbonizasiya sahələrindəki təcrübəsinə maraq göstərib, potensial əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.
Söhbət zamanı Azərbaycanın ənənəvi enerji üzrə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli layihələri, o cümlədən 12 ölkəyə qaz tədarükü barədə məlumat verilib. Bildirilib ki, hazırda Azərbaycan enerji keçidi və dekarbonizasiya sahələrində irəliləyişlər əldə edir və qısa müddətdə 2 milyard dollardan çox investisiya cəlb edərək quraşdırılmış enerji gücündə bərpa olunan enerjinin payını 33%-ə yüksəldən layihələrin reallaşma mərhələsində olması bunun sübutudur. Yeni qanunvericilik bazasının formalaşdırılması, beynəlxalq investorlarla birbaşa və hərrac yolu ilə əməkdaşlıq, eləcə də Azərbaycanla Türkiyə, Avropa və Mərkəzi Asiya arasında “yaşıl enerji” interkonnektorlarının yaradılması kimi milli və regional miqyaslı enerji keçidi kursu müzakirə edilib. Həmçinin, COP29-un enerji təşəbbüsləri ilə bağlı fikir mübadiləsi aparılıb.