Qlobal bazarlarda neftə olan tələbatın artması gözlənilir

 Qlobal bazarlarda neftə olan tələbatın artması gözlənilir

2021-ci ilin ikinci yarısında neftə olan qlobal tələbatın artımının sürətlənməsi gözlənilir, buna baxmayaraq, bazarda hələ də qeyri-müəyyənliklər mövcuddur, bunların sırasında inflyasiyanın sürətlənməsi riski və COVID-19 virusunun “Delta” ştammının yayılmasıdır.

Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə OPEC-in (Neft İxrac Edən Ölkələr Birliyi) Baş katibi Məhəmməd Barkindo deyib.

“Diqqətlə izlədiyimiz bir sıra qeyri-müəyyənlik faktorları var. Bunların sırasına böyük maliyyə stimullaşdırma proqramları səbəbindən inflyasiya riskinin artması, peyvəndlərin dünya səviyyəsində qeyri-bərabər paylanması, COVID-19-un “Delta” ştammının yayılması (hansı ki, vaksinasiya səviyyəsinin yüksək olduğu ölkələrə də təsir göstərir – red.) daxildir”, – M. Barkindo qeyd edib.

Onun sözlərinə görə, mürəkkəb fon əməkdaşlıq bəyannaməsində (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs – “OPEC+” razılaşması) təşəbbüskar, çevik və ayıq davranmasını tələb edəcək.

OPEC-in Baş katibi onu da xatırladıb ki, proqnozlara görə, 2021-ci ildə qlobal gündəlik neft tələbatı 6 mln. barel artacaq və ilin ikinci yarısında həm iqtisadiyyatın, həm də neftə olan tələbatın artımının sürətlənməsi gözlənilir.

 Məlumat www.apa.az istinadən təqdim edilir.