“İstilik təchizatı haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb

 “İstilik təchizatı haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb

Aprelin 23-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Komitənin sədri Sadiq Qurbanov “ İstilik təchizatı haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını bildirib.

Komitə sədri Azərbaycan Respublikasının Konstitusiyasının 94- cü maddəsinin I hissəsinin I bəndinə uyğun olan bu qanun layihəsinin  istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi), satışı və istehlakı ilə bağlı istilik təchizatı subyektləri, istehlakçılar və istilik təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyən, istilik təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən  ilk qanunvericilik aktı olduğunu bildirib. Məlumat verilib ki, qanun layihəsi hazırlanarkən Avropa ölkələrinin  və digər ölkələrin təcrübəsinə istinad edilib.

Daha sonra energetika nazirinin müavini Samir Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi energetika siyasəti çərçivəsində son illər bir sıra yeni qanunların qəbul edildiyini  və bu sahəni tənzimləyən qanunvericilik aktlarının müasir tələb və çağırışlara uyğunlaşdırıldığını söyləyib. O, “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” , “Enerji resurslarından səmərəli istifadə  və enerji effektivliyi haqqında” , “Elektroenergetika haqqında” Qanunların bu baxımdan əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edilib ki,  qanun  layihəsində ilk dəfə olaraq bu sahədə dövlət siyasətinin əsas prinsipləri, dövlət tənzimləməsinin əsas məqsədləri, istilik təchizatı sektorunda dövlətin vəzifələri, istilik təchizatı sektorunda tənzimləyicinin səlahiyyətləri ilə bağlı müddəalar yer alıb .

Məlumat verilib ki, istilik təchizatı sektorunda ən aktual problemlərdən  biri istiliklə təmin edilən yaşayış binalarında  binadaxili mühəndis istilik kommunikasiyalarının balans mənsubiyyəti ilə əlaqədar onların saxlanması, təmiri və bərpası ilə əlaqədar mövcud problemlərin  həllində balans  saxlayıcısı olaraq dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifələrinin aydın şəkildə əks etdirilməsidir.

Daha sonra  energetika nazirliyinin şöbə müdiri Ələsgər Həsənov və  “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəliyev bildiriblər ki, qanun layihəsinə  bərpa olunan enerji mənbələrindən və su ehtiyatlarından istifadə,  enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi,  ətraf mühitin mühafizəsinə dair müddəaların daxil edilməsi sahənin inkişafı üçün  ciddi əsasların  və stimulların yaranmasına  imkan verəcək.

Qanun layihəsinin müzakirəsində komitə sədrinin müavini Fatma Yıldırım, komitənin üzvləri Afət Həsənova, Naqif Həmzəyev, Vüqar Rəhimzadə, Eyvaz Qurbanov, Rövşən Muradov  çıxış edərək  məsələ ilə bağlı sual və təkliflərini səsləndiriblər.

Qanun layihəsi birinci oxunuşda  Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda komitənin üzvü Bədəl Bədəlov, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov və digər rəsmi şəxslər iştirak ediblər.