Yaşıl enerji sahəsində Türkiyə şirkətləri ilə əməkdaşlıq ediləcəkdir

 Yaşıl enerji sahəsində Türkiyə şirkətləri ilə əməkdaşlıq ediləcəkdir

“Turkuvaz Media Qrupu”nun təşkilatçılığı və Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Türkiyənin enerjisi – Pandemiyadan sonra enerji sənayesini yenidən düşünmək  devizi altında “IV Energetika və Təbii Sərvətlər Zirvə Toplantısı” keçirilib. Toplantıda çıxış edən Energetika naziri  Pərviz Şahbazov,  Türkiyə -Azərbaycan arasında  əməkdaşlığın tarixinə və inkişafına toxunmaqla yanaşı energetika sektorunda planlaşdırılan yeni layihələr, o cümlədən  bərpa olunan enerji sahəsində əməkdaşlıqdan bəhs edib. Nazir bildirib ki, artıq yaşıl enerji sahəsində böyük uğurlara imza atmağın vaxtıdır: “Azad olunmuş ərazilər ölkə Prezidenti tərəfindən “yaşıl enerji” zonası elan edilib və orada əsasən bərpa olunan enerji mənbələrindən – su, günəş və külək enerjisindən istifadə ediləcək. Türk şirkətləri də azad edilmiş ərazilərdə bərpa olunan enerji layihələrində iştirakda maraqlıdırlar. Xüsusilə Laçın və Kəlbəcərdə külək elektrik stansiyalarının tikintisi layihələri üzrə əməkdaşlıq imkanları var. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində türk şirkətləri ilə əməkdaşlığımız cəlbedici olmaqla bərabər, həm də həmrəyliyimizin rəmzi ola bilər.”

Nazir onu da əlavə edib ki, ərazi bütövlüyümüzün bərpasının yaratdığı imkanlar münasibətlərimizin yüksələn xətt üzrə inkişafını təmin edərək ölkələrimizi strateji, o cümlədən enerji keçidi prosesinin hədəflərinə daha da yaxınlaşdıracaqdır. Hazırda yeni reallıqların yaranması, Türkiyə-Azərbaycan birliyinin regionda həlledici amilə çevrilməsi isə məhz iki ölkənin liderlərinin -cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bir-birinə güvəninin, qardaşlığının, gələcəyə aydın baxışlarının zəfəridir.