İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) energetika nazirlərinin IV iclası keçirilib

 İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) energetika nazirlərinin IV iclası keçirilib

Azərbaycanın ev sahibliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) energetika nazirlərinin IV iclası keçirilib. Videokonfransda təşkilatın üzv ölkələri-İran, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Əfqanıstan və bır sıra beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri iştirak edib.

İclasa sədrlik edən energetika naziri Pərviz Şahbazov Azərbaycanın təşkilat çərçivəsində nəqliyyat, energetika, regional inteqrasiya və sosial-iqtisadi inkişaf istiqamətləri üzrə bir sıra layihələrin təşəbbüskarı və aktiv iştirakçısı olduğunu bildirib.  “Təşkilata üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi ötən il, təxminən, 4,9 milyard ABŞ dolları olub. Bu ölkələrin Azərbaycanın xarici ticarətindəki payı 20 faiz təşkil edir. Bu ölkələr indiyə kimi Azərbaycan iqtisadiyyatına 16,9 mlrd. ABŞ dolları həcmində investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 18,5 mlrd. ABŞ dollarından çox sərmayə yatırıb”, deyə nazir qeyd edib.

Ölkəmizin enerji siyasətindəki nailiyyətlərinin İƏT daxilində enerji əməkdaşlığına töhfələrindən, ikitərəfli və üçtərəfli enerji əməkdaşlığı formatlarından danışan nazir deyib ki, Azərbaycanın təşəbbüsü ilə yaradılmış, Xəzər, Qara, Aralıq və Adriatik dənizlərini birləşdirən şaxələnmiş neft-qaz boru kəmərləri infrastrukturu region ölkələrinin də maraqlarını, enerji təhlükəsizliyi məsələlərinin həllini təmin edir. Belə ki, indiyə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın, təxminən, 438 milyon tondan çox nefti nəql olunub. Qaz kəmərləri isə Türkiyəyə 82 milyard kubmetr təbii qazın çatdırılmasını təmin edib. Son üç ildə, təxminən, 20,7 milyon ton həcmində Türkmənistan mənşəli xam neft və neft məhsulları, həmçinin ötən il 106 min ton Qazaxıstan nefti də Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarına nəql olunub. Enerji vasitəsilə inteqrasiyada “Cənub Qaz Dəhlizi”nin rolu xüsusilə vurğulanıb: “Bu il TANAP vasitəsilə Türkiyə istehlakçılarına 2,5 milyard kubmetr, Avropa istehlakçılarına isə TAP ilə 2,8 milyard kubmetr təbii qaz ixrac edilib. Cənub Qaz Dəhlizinin “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə əksini tapması isə layihənin bölgənin rifahında strateji əhəmiyyətinin ən yüksək səviyyədə təsdiqidir.”

Nazir, həmçinin hazırda həyata keçirilən və planlaşdırılan layihələrin, elektroenergetika sektorunda aparılan islahatların İƏT “Regional Elektrik Enerjisi Bazarı”nın yaradılması prosesinə dəstəyinə və yeni əməkdaşlıq perspektivlərinə dair məsələlərə də toxunub. “Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bölgədə yaranmış yeni reallıqlar təhlükəsizlik və sabitliyi möhkəmləndirəcək yeni layihələrlə İƏT çərçivəsində enerji də daxil olmaqla geniş əməkdaşlığa yol açır. Gələcəkdə, təxminən, 700 MVt-lıq bərpa olunan enerji layihələri üzrə planlaşdırılan hərraclar, həmçinin Xəzər dənizinin külək, Qarabağın isə zəngin külək, günəş və hidro potensialından birgə istifadə İƏT daxilində enerji və iqtisadi əməkdaşlığı dərinləşdirə biləcək imkanlardır.”