2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
İƏT-in energetika nazirlərinin IV iclasında “Bakı Bəyannaməsi” qəbul edilib
Azərbaycanın ev sahibliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) energetika nazirlərinin IV iclası keçirilib. Videokonfransda təşkilatın üzv ölkələri-İran, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Əfqanıstan və bır sıra beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri iştirak edib.
İclasa sədrlik edən energetika naziri Pərviz Şahbazov çıxışında təşkilatın Avrasiyada çoxşaxəli qarşılıqlı-faydalı münasibətləri təşviq edən əməkdaşlıq formatı kimi rolundan bəhs edib. Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin yaradılması ilə bağlı ümummilli lider Heydər Əliyevin təşəbbüsü Azərbaycanın təşkilatla əməkdaşlığa yüksək münasibətinin nümunəsi kimi dəyərləndirilib.
İclasın yekununda İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə “Bakı Bəyannaməsi” qəbul edilib. Sənəd İƏT üzvləri arasında xam neft, təbii qaz, neft-kimya və neft məhsullarının təchizatı, elektrik enerjisi şəbəkələrinin yaradılması, regional elektrik enerjisi ticarəti, iqlim dəyişikliklərinə mübarizədə qlobal addımlara uyğun olaraq təmiz enerji mənbələri, enerji səmərəliliyi, təmiz enerjiyə keçidin maliyyələşdirilməsi üzrə geniş əməkdaşlığı nəzərdə tutur. Bəyannamədə, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl enerji imkanlarının olduğu və bu potensialdan istifadənin iqlim dəyişikliyinə qarşı mübarizəyə müsbət təsir edəcəyi xüsusi vurğulanaraq, İƏT-ə üzv dövlətlərə və müvafiq beynəlxalq təşkilatlara Azərbaycanın “Yaşıl Enerji Konsepsiyası”nı dəstəkləməyə çağırış edilib.