Enerji menecerinin müəssisədaxili hansı öhdəlikləri olacaq?

 Enerji menecerinin müəssisədaxili hansı öhdəlikləri olacaq?

Azərbaycan Respublikasının Prezidentinin 09 iyul 2021-ci il tarixində təsdiq etdiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının qanunu”  01 iyul 2022-ci ildən qüvvəyə minəcəkdir. Bu qanunun qüvvəyə minməsi enerji bazarında enerji audit kimi yeni xidmətlərin formalaşddırması ilə yanaşı iri enerji sərfiyyatçıları olan müəssisələrdə yeni vəzifələrin formalaşdırılmasını şərtləndirəcəkdir.

Qanun tələbi ilə enerji meneceri vəzifəsinin təyin olunması iri enerji sərfiyatçıları üçün məcburi olsa da, orta və kiçik enerji sərfiyatçılarının də bu prosesə hazırlıqlı olmaları tələbini bazar özü formalaşdıracaqdır.

Enerji menecerinin əsas vəzifələri və öhdəlikləri nədən ibarət olacaqdır?

Uğurlu enerji menecerindən mühəndislik bilik və bacarıqlarının olması mütləq hesab edilsə də, menecment bilik və qabiliyyətlərinin olması zəruri hesab edilir. Bu biliklərin sayəsində enerj meneceri müəssisədaxili enerji strategiyasının və siyasətinin qurulmasını, müvafiq şəkildə enerji menecment sistemləri üzrə proseslərin planlaşdırılması – icra olunmasını- monitorinq və qiymətləndirilməsini və önləyici-düzəldici–yaxşılaşdırma tədbirlərinin görülməsini təmin edəcəkdir.

Menecment qabiliyyətləri hər bir enerji menecerinə öz funksiyalarını müvafiq şəkildə yerinə yetirməyə yəni, enerji qiymətləndirməsi, enerji auditinin planlaşdırılmasını, iqtisadi və enerji təhlilləri aparmağa, qurğu və binanın idarəolunmasını, texniki xidmətinin göstərilməsini daima təkmilləşdirməyə, müvafiq sahədə mövcud və daha təkmil enerji səmərəli avadanlıqlar və texnologiyaların daima izlənilməsi kimi vəzifələri lazımınca yerinə yetirməyə  imkan verəcəkdir. Enerji menecment vəzifəsini tutacaq şəxslər nəinki müəssisədə enerjiyə qənaət potensialının müəyyən olunmasına, eləcə də qənaət olunacaq enerjinin miqdarına zəmanətin verilməsinə məsuliyyət daşıyır.

Bu vəzifə müəssisədə risk daşıyan vəzifə olub, eyni zamanda müəssisədaxili enerji resurslarının bütün təsərrüfat sahələrində qorunmasına nail olmaqda ondan liderlik qabiliyyətlərinin nümayiş etdirilməsi tələb olunacaqdır. Enerjiyə qənaət tədbirlərinə müəssisədaxili bütün işçilərin tövfə verə bilməsi üçün tapşırıqların qoyulması, bu işə səylərin cəmlənməsini və  motivasiyanın formalaşdırılması da enerji menecerin əsas vəzifələrindədir.