Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi Qaydaları

 Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi Qaydaları

“Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə qanunvericiliyin tələblərinə uyğun olaraq enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsinə dair texniki reqlamentlərin hazırlanması ilə bağlı tədbirlər həyata keçirsin.
  3. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi Qaydaları” “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə uyğun olaraq, enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsinə dair texniki reqlamentlərlə eyni gündə qüvvəyə minir.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 6 dekabr 2022-ci il

     № 432

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2022-ci il 6 dekabr tarixli 432 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi

 

QAYDALARI

 

  1. Ümumi müddəalar

 1.1. Bu Qaydalar “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və bazara yerləşdirilən enerji istehlakı üzrə məhsulların etiketlənməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar şəxsi məqsədlər üçün istifadə edilən, sərnişin və yük daşımalarına xidmət edən nəqliyyat vasitələrinə, habelə bu Qaydalar qüvvəyə minənədək bazara yerləşdirilmiş və işlənilmiş məhsullara (idxal edilən məhsullar istisna olmaqla) şamil edilmir.

1.3. Bu Qaydaların tələblərinə riayət olunmasına nəzarəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) həyata keçirir.

  1. Əsas anlayışlar

2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. enerji etiketi – enerji istehlak edən və ya enerji istehlakına təsir edən avadanlığın, qurğu və cihazların enerji istehlakı həcminə dair sənəd;

2.1.2. bazara yerləşdirilmə – məhsulun ilk dəfə Azərbaycan Respublikasının ərazisində satışa çıxarılması;

2.1.3. enerji istehlakı üzrə etiketlənən məhsul (bundan sonra – məhsul) – bazara yerləşdirilən, enerji istehlak edən və ya enerji istehlakına təsir edən avadanlıq, qurğu və cihazlar;

2.1.4. əlavə məlumat – texniki reqlamentlə müəyyən edilmiş qaydada məhsulun funksional və ətraf mühit göstəriciləri haqqında məlumat;

2.1.5. istehlakçı – məhsulu alan, istifadə edən, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs;

2.1.6. istehsalçı – təşkilati-hüquqi formasından asılı olmayaraq, satış üçün məhsul istehsal edən hüquqi şəxs və ya fərdi sahibkar;

2.1.7. məhsul qrupu – eyni əsas funksiyalara malik olan məhsullar;

2.1.8. məlumat vərəqəsi – kağız və ya elektron formada (internet informasiya ehtiyatları və ya sürətli cavab (QR) kodu) məhsula aid məlumatları özündə əks etdirən sənəd;

2.1.9. məsafədən satış – satıcı ilə istehlakçı arasında birbaşa təmas olmadan, istehlakçıya məhsul ilə bilavasitə tanış olmaq imkanı verilmədən elektron ticarət vasitələri və ya poçt sifarişi vasitəsilə məhsulun satışının və ya icarəsinin həyata keçirilməsi;

2.1.10. model – enerji etiketinə və məlumat vərəqəsinə əsasən bütün hissələrinin eyni texniki xüsusiyyətlərə və eyni model identifikatoruna (eyni əmtəə nişanı olan və ya eyni təchizatçı adından bazara yerləşdirilən modelləri bir-birindən fərqləndirən hərf və rəqəmli kod) malik olan məhsulun versiyası;

2.1.11. satıcı – alqı-satqı əməliyyatı aparan, mal satan (icarəyə verən) hüquqi şəxs və ya fərdi sahibkar;

2.1.12. texniki sənədlər – məhsulun enerji etiketində və məlumat vərəqəsində öz əksini tapan məlumatların tamlığını və dəqiqliyini qiymətləndirməyə imkan verən sənədlər (o cümlədən sınaq protokolları və ya texniki sübutlar);

2.1.13. təchizatçı – istehsalçı, ticarət nümayəndəsi (agent) və ya idxalçı.

2.2. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

 

  1. Enerji etiketlənməsi ilə bağlı tələblər, təchizatçı və satıcının (icarəyə verənin) öhdəlikləri

 3.1. Enerji etiketlənməsi ilə bağlı tələblər bu Qaydalar və texniki reqlamentlərlə, habelə istinad standartları və istinad texniki şərtləri ilə müəyyən edilir.

3.2. Təchizatçı bu Qaydalara və məhsul növü üzrə texniki reqlamentlərə uyğun olaraq bazara yerləşdirilən hər bir məhsulun ödənişsiz, kağız daşıyıcıda enerji etiketi və məlumat vərəqəsi ilə müşayiət olunmasını təmin edir. Enerji etiketinin məhsulun və ya onun qablaşdırılması üzərində göstərilməsi tələbi texniki reqlamentlə nəzərdə tutulur.

3.3. Təchizatçı satıcının (icarəyə verənin) və ya istehlakçının sorğusu əsasında enerji etiketlərini və məlumat vərəqələrini dərhal ödənişsiz təqdim edir. Təchizatçı enerji etiketlərində və məlumat vərəqələrində göstərilən məlumatların tamlığını və dəqiqliyini təmin edir və məhsula əlavə olunan texniki sənədləri təqdim edir.

3.4. Təchizatçı və satıcı (icarəyə verən) məhsulun enerji etiketi, məlumat vərəqəsi və texniki sənədləri ilə bağlı verdiyi məlumatların tamlığına, dəqiqliyinə və müvafiq texniki reqlamentə, istinad edilmiş standartlara və istinad edilmiş texniki şərtlərə uyğunluğuna görə cavabdehlik daşıyırlar.

3.5. İstismarda olan modelin texniki reqlamentlə müəyyən edilən enerji etiketindəki göstəricilərinə zərər vura biləcək dəyişikliklər (yenilənmələr) edilməsi təchizatçı tərəfindən nəzərdə tutulduğu hallarda təchizatçı dəyişikliklər (yenilənmələr) və onların məqsədi, modelin parametrlərinə, habelə enerji sinfinə təsiri barədə istehlakçını öncədən məlumatlandırır və onun yazılı razılığını alır. Məhsulun xidmət müddəti ərzində təchizatçı istehlakçıya məhsulun funksionallığının itirilməməsi şərtilə dəyişikliklərdən (yenilənmədən) imtina etmək imkanı verir.

3.6. Təchizatçı texniki reqlamentdə və ya məhsulla birlikdə təqdim olunan istənilən sənəddə (texniki sənədlər və məlumat vərəqəsi, o cümlədən əlavə məlumat) qeyd olunan parametrlərin təkmilləşdirilməsi məqsədilə aparılan sınaqlar zamanı modelin xüsusiyyətlərinin avtomatik dəyişdirilməsi şəklində layihələndirilmiş məhsulları bazara yerləşdirə bilməz.

3.7. Təchizatçı məhsula dair məlumatları (o cümlədən texniki sənədləri) müvafiq texniki reqlamentdə malın saxlanma müddəti və risk səviyyəsi əsasında müəyyən edilmiş müddət ərzində saxlayır və həmin məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılması zamanı dərhal təqdim edir.

3.8. Satıcı (icarəyə verən) məhsulun enerji etiketini satış (o cümlədən məsafədən satışı və ya icarəsi) zamanı açıq şəkildə nümayiş etdirir və məlumat vərəqəsini təqdim edir.

3.9. Enerji etiketi və məlumat vərəqəsi olmadığı halda satıcı (icarəyə verən) onları təchizatçıdan tələb edir. Məlumat vərəqəsi, həmçinin məhsulun enerji etiketində göstərilən məlumatlar satıcı (icarəyə verən) tərəfindən əldə edilməklə, elektron və ya kağız daşıyıcıda istehlakçıya təqdim edilir.

3.10. Təchizatçı və satıcı (icarəyə verən) texniki reqlamentə uyğun olaraq məhsulun enerji etiketində göstərilən enerji effektivliyi sinifləri və məhsulun bilavasitə aid olduğu enerji effektivliyi sinfi barədə audiovizual reklamda və ya çap məhsullarında məlumat verirlər.

3.11. Təchizatçı və satıcı (icarəyə verən) bu Qaydaların və texniki reqlamentlərin tələblərinə riayət olunması, habelə Nazirlik pozuntu hallarının aradan qaldırılması barədə qərarı (göstərişi) əsasında pozuntu hallarının aradan qaldırılması üçün dərhal tədbirlər görürlər.

3.12. Texniki reqlamentlərin əhatə dairəsinə düşməyən məhsullar üçün bu Qaydalar və texniki reqlamentlərdə nəzərdə tutulan enerji etiketləri ilə oxşar etiketlərin təmin və nümayiş etdirilməsi qadağandır.

  1. Məhsulların bazara yerləşdirilməsinə nəzarət

4.1. Bu Qaydaların və texniki reqlamentlərin tələblərinə uyğun olmayan, enerji etiketi ilə təmin edilməmiş və ya texniki reqlamentdə nəzərdə tutulmuş üsulla (tətbiq edilməli olan uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) və prosedurları ilə) uyğunluğu qiymətləndirilməmiş məhsulları istehsal etmək, bazara yerləşdirmək, satmaq (icarəyə vermək), idxal etmək və ya istifadə etmək qadağandır.

4.2. Nazirlik bazarda bu Qaydaların və texniki reqlamentlərin tələblərinə uyğun olmayan məhsullara nəzarət tədbirlərini həyata keçirir və istehlakçıların təhlükəsizliyini təmin etmək məqsədilə bu Qaydaların və texniki reqlamentlərin tələblərinə uyğun olmayan məhsulların dövriyyədən çıxarılmasını təmin edir.

4.3. Məhsulların bazara yerləşdirilməsinə nəzarət tədbirləri, o cümlədən yoxlamaların təşkili və aparılması qaydaları, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələlər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.

4.4. Müvafiq texniki reqlamentlərin tələblərinə uyğunluğunu qoruyub saxlamaq, istehlakçıların təhlükəsizliyini təmin etmək məqsədilə təchizatçı və ya satıcı (icarəyə verən) məhsulun sınağının keçirilməsinə şərait yaradır, uyğun olmayan məhsulların bazardan geri çağırılmasını, dövriyyədən çıxarılmasını təmin edir və belə malların uçotunu aparır. Belə məhsulların sənədlərinin yoxlanılması və sınaqlarının keçirilməsi ilə bağlı xərclərin ödənilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən həyata keçirilir. Məhsul risk təşkil edərsə, təchizatçı və ya satıcı (icarəyə verən) riskin təfərrüatları, xüsusilə uyğunsuzluqlar və görülmüş tədbirlər barədə dərhal Nazirliyi yazılı formada məlumatlandırır.

4.5. Təchizatçı və ya satıcı (icarəyə verən) bu Qaydaların 4.4-cü bəndində nəzərdə tutulan riskin aradan qaldırılması ilə bağlı lazımi tədbirlər görmədikdə, Nazirlik istehlakçıların təhlükəsizliyini təmin etmək məqsədilə texniki reqlamentlərin tələblərinə uyğun olmayan məhsullara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən məhdudlaşdırıcı tədbirlər həyata keçirir.

  1. Texniki reqlamentlər və istinad edilmiş standartlar

5.1. Enerji istehlakı üzrə məhsulların etiketlənməsi ilə bağlı tələbləri müəyyən edən texniki reqlamentlər, habelə istinad edilmiş standartlar Nazirliyin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir.

5.2. İstinad edilmiş standartlarda əks olunan ölçmə və hesablama üsulları etibarlı, dəqiq və tətbiq edilə bilən olmalıdır.

5.3. Məhsul və ya məhsul qrupu, enerji effektivliyi göstəriciləri və sinifləri üzrə enerji etiketlənməsinə, habelə enerji etiketinin forması və tərtibinə dair tələblər məhsulların enerji etiketlənməsinə dair texniki reqlamentlərlə müəyyən edilir.

5.4. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbləri nəzərə alınmaqla, texniki reqlamentlər aşağıdakıları müəyyən edir:

5.4.1. texniki reqlamentin tətbiq olunduğu məhsul və ya məhsul qrupu;

5.4.2. enerji effektivliyi sinifləri. Sinifləndirmə latın əlifbasının A-dan G-yə qədər olan hərfləri ilə və hər hərfə uyğun gələn, enerji qənaətini ifadə edən rənglə (G hərfi üçün qırmızı rəngdən başlayaraq A hərfi üçün tünd yaşıl rəngə qədər) göstərilir. Texniki reqlamentdə nəzərdə tutulduğu hallarda üstün enerji qənaəti göstəricilərinə malik məhsullara A+, A++, A+++ enerji sinfi verilə bilər;

5.4.3. enerji etiketində qeyd edilən göstəricilərin müəyyən edilməsi məqsədilə aparılan ölçmə və hesablamaların istinad edilmiş standartları və üsulları;

5.4.4. enerji etiketinin nümunəvi forması və enerji etiketində əks olunmalı məlumatlar;

5.4.5. məhsulun məlumat vərəqəsinə dair tələblər;

5.4.6. məhsulun texniki sənədlərinə dair tələblər;

5.4.7. enerji etiketinin məhsula zərər vurmadan onun və ya qablaşdırılmasının üzərinə yapışdırılma və ya çap edilmə yeri, məhsulun satışı (o cümlədən məsafədən satışı və ya icarəsi) zamanı istehlakçıya elektron (internet informasiya ehtiyatları və ya sürətli cavab (QR) kodu) və ya kağız daşıyıcıda təqdim edilməsinə dair tələblər;

5.4.8. elektron enerji etiketini təmin edən vasitələr (internet informasiya ehtiyatları və ya sürətli cavab (QR) kodu);

5.4.9. məhsulun reklamı zamanı istifadə olunacaq enerji etiketinin məzmunu, o cümlədən enerji effektivliyi sinfi barədə məlumatlar.

5.5. Texniki reqlamentlə məhsulun enerji istehlakı ilə yanaşı, digər resurslar üzrə istehlak göstəriciləri və əlavə məlumatın təqdim edilməsi tələb oluna bilər. Bu halda məhsulun enerji effektivliyi ilə bağlı göstəriciləri vurğulanmalı və bu göstəricilərin istehlakçılar tərəfindən aydın başa düşülməsinə mənfi təsir edilməməli, habelə məhsulun ölçülə bilən və Nazirlik tərəfindən yoxlanıla bilən fiziki xüsusiyyətlərinə əsaslanmalıdır.

https://e-qanun.az/framework/52885