“Enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 “Enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərar 2022-ci il 1 iyul tarixindən tətbiq edilir.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 17 avqust 2022-ci il

     № 311

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2022-ci il 17 avqust tarixli 311 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi

 QAYDASI

 

  1. Ümumi müddəalar

 1.1. Bu Qayda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 9.2-ci maddəsinə əsasən hazırlanmışdır və enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi qaydasını, habelə bu xidmətlərin göstərilməsi üçün sifarişçi və enerji effektivliyi xidmətlərinin icraçısı arasındakı münasibətləri tənzimləyən enerji effektivliyi müqaviləsinin (bundan sonra – müqavilə) nümunəvi forması və şərtlərini müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. baza istehlak səviyyəsi – müqavilənin bağlanıldığı ildən əvvəlki ildə enerji resurslarının hər bir növü və isti su üzrə ölçmə vasitələrinin göstəriciləri əsasında müəyyən edilmiş istehlak miqdarı;

1.2.2. enerji effektivliyi xidmətlərinin icraçısı (icraçı) – müqavilə əsasında enerji effektivliyi xidmətlərini göstərən hüquqi şəxs;

1.2.3. faktiki qənaət – enerji effektivliyi xidmətləri nəticəsində baza istehlak səviyyəsi ilə faktiki istehlak səviyyəsi arasındakı fərq;

1.2.4. hesabat dövrü – faktiki qənaətin və müqavilə qiymətinin hesablanması üçün enerji effektivliyi müqaviləsi ilə müəyyənləşdirilən dövr;

1.2.5. sifarişçi – enerji effektivliyi xidmətlərini satın alan şəxs;

1.2.6. zəmanətli qənaət – müqavilə müddəti ərzində enerji effektivliyi xidmətləri nəticəsində baza istehlak səviyyəsi üzrə istehlak miqdarının icraçı tərəfindən azaldılması.

1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunda və Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

 

  1. Enerji effektivliyi müqaviləsinin şərtləri

 2.1. Enerji effektivliyi xidmətləri sifarişçi ilə icraçı arasında bağlanılmış və bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun tərtib edilmiş müqavilə əsasında göstərilir.

2.2. Müqavilənin əsas şərtlərinə aşağıdakılar daxildir:

2.2.1. müqavilənin tərəfləri;

2.2.2. müqavilənin predmeti;

2.2.3. müqavilənin müddəti;

2.2.4. müqavilənin qiyməti və hesablaşma qaydası;

2.2.5. enerji effektivliyi üzrə tədbirlər planı və onun icrası;

2.2.6. mülkiyyət hüququ;

2.2.7. tərəflərin hüquq və öhdəlikləri;

2.2.8. tərəflərin məsuliyyəti;

2.2.9. qarşısıalınmaz qüvvə;

2.2.10. məxfilik;

2.2.11. müqaviləyə əlavə və dəyişikliklərin edilməsi, xitam verilməsi;

2.2.12. mübahisələrin həlli;

2.2.13. yekun müddəalar;

2.2.14. tərəflərin ünvanları (hüquqi ünvanları) və bank rekvizitləri.

2.3. Müqavilənin qiyməti enerji effektivliyi xidmətlərinin həcmindən və dəyərindən asılı olaraq, zəmanətli qənaət əsasında müəyyən edilir və faktiki qənaətin dəyərindən müqavilədə əks olunan sabit faizə əsasən ödənilir.

2.4. Bu Qaydanın 2.3-cü bəndində qeyd edilən sabit faiz sifarişçi ilə icraçı arasında razılaşma əsasında müəyyən edilir.

2.5. Müqavilə müddəti enerji effektivliyi xidmətlərinin həcmi və dəyəri nəzərə alınmaqla sifarişçi ilə razılaşdırmaqla müəyyən edilir.

2.6. Zəmanətli qənaətin tam şəkildə təmin edildiyi və müqavilə qiyməti icraçıya tam ödənildiyi hallarda müqavilə tərəflərdən birinin tələbi ilə ləğv edilə bilər.

2.7. Müqavilə müddətinin sonunda aparılan üzləşmə nəticəsində zəmanətli qənaətin təmin edilmədiyi aşkar olunduğu hallarda zəmanətli qənaətlə faktiki qənaət arasındakı fərqin (natural ifadədə) dəyəri həmin vaxt enerji resursları və isti suyun qüvvədə olan qiymətlərinə (tariflərinə) əsasən hesablanaraq sifarişçiyə ödənilir.

2.8. Müqavilə müddəti ərzində enerji effektivliyi xidmətləri göstərilən obyektdə (bundan sonra – obyekt) quraşdırılan əmlak üzərində mülkiyyət hüququ icraçıya məxsusdur. Bu hüquq müqavilə müddətinin sonunda və bu Qaydanın 2.6-cı bəndində qeyd edilən hallarda sifarişçiyə keçir.

 

  1. Enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi qaydası

 3.1. Enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi üçün müqavilənin ayrılmaz tərkib hissəsi olan enerji effektivliyi üzrə tədbirlər planı (bundan sonra – tədbirlər planı) icraçı tərəfindən tərtib edilir, sifarişçi ilə razılaşdırılır və icra edilir. Enerji auditi keçirilmiş obyektlər üzrə tədbirlər planı enerji auditinin nəticəsinə əsasən tərtib edilə bilər.

3.2. Tədbirlər planı aşağıdakı hissələrdən ibarətdir:

3.2.1. obyektdə enerjiyə qənaətə gətirib çıxaracaq tədbirlərin (qurğular, avadanlıq və cihazların dəyişdirilməsi, modifikasiyası, onların, həmçinin binaların, tikililərın modernizasiyası, yenidən qurulması, onların istismar və xidmət prosedurlarının dəyişdirilməsi) siyahısı;

3.2.2. hər tədbir üzrə icra mərhələləri və icra müddəti;

3.2.3. tədbirlər planının, o cümlədən hər tədbirin icrasına tələb olunan vəsait;

3.2.4. tətbiq şərtləri (sifarişçi tərəfindən riayət ediləcək texniki tələblər, o cümlədən tikintiyə dair normativ sənədlər, texniki təhlükəsizlik və əməyin mühafizəsi tələbləri).

3.3. Tədbirlər planının icrasının ilkin mərhələsi olaraq obyektdə enerji resursları və isti suyun istehlakının miqdarını müəyyən edən ölçmə vasitələrinin mövcudluğu icraçı tərəfindən yoxlanılır, mövcud olmayanlar quraşdırılır, mövcud olanlar isə sazlandırılır və ya yenisi ilə əvəz edilir və istismara verilir.

3.4. Tədbirlər planının icrası məqsədilə icraçı tərəfindən sifarişçinin razılığı ilə subpodratçılar cəlb oluna bilər. İcraçı subpodratçıların fəaliyyətinə görə sifarişçi qarşısında məsuliyyət daşıyır.

3.5. Tədbirlər planının, o cümlədən hər tədbirin yekununda işlərin sifarişçi tərəfindən qəbul edilməsi təhvil-təslim aktı əsasında həyata keçirilir. Təhvil-təslim aktı icraçı tərəfindən tərtib edilir və ona tədbirlər planına uyğun görülən işləri, habelə onlara çəkilən xərcləri sübut edən sənədlər əlavə edilir. Təhvil-təslim aktının təsdiq edilməsi qaydası müqavilə ilə müəyyən edilir.

3.6. Sifarişçi müqavilə müddəti ərzində modernizasiya (modifikasiya) edilən və ya quraşdırılan avadanlığın təyinatı üzrə, texniki və sanitariya-gigiyena tələblərinə əməl edilməklə istifadəsini təmin edir. Sifarişçinin təqsiri nəticəsində həmin avadanlıqlarda yaranan nasazlıqlar sifarişçinin vəsaiti hesabına aradan qaldırılır.

3.7. Tədbirlər planının icra müddəti ərzində tədbirlərin icrasında müəyyən edilən çatışmazlıqların aradan qaldırılması şərtləri və müddətləri müqavilə ilə müəyyən edilir.

3.8. Sifarişçi tərəfindən obyekt üzrə tədbirlər planının icrasına təsir edə biləcək əhəmiyyətli dəyişikliklər (o cümlədən, onların funksional təyinatı, enerji resursları və isti suyun istehlak şərtləri və rejimləri, enerji istehlak edən avadanlıq və cihazların təyinatı, rejimləri, sayları ilə bağlı dəyişikliklər) barədə icraçıya yazılı məlumat verilir.

3.9. İcraçı tədbirlər planının icrasından sonra müqavilə müddəti ərzində obyektdəki texnoloji proseslərə, modernizasiya (modifikasiya) aparılmış və ya quraşdırılmış avadanlığın istismarına, enerji resursları və isti suyun istehlakına nəzarəti həyata keçirir.

3.10. Müqavilədə nəzərdə tutulmuş hesabat dövrünün sonunda enerji resursları və isti suyun faktiki istehlak həcmləri ölçmə vasitələrinin göstəricilərinə əsasən sifarişçi və icraçının iştirakı ilə müəyyən edilir və icraçı tərəfindən üzləşmə aktı tərtib edilərək hesab-faktura ilə birgə sifarişçiyə göndərilir.

3.11. Üzləşmə aktında aşağıdakılar əksini tapır:

3.11.1. hesabat dövrünün sonuna ölçmə vasitələrinin göstəriciləri əsasında müəyyən edilən faktiki istehlak səviyyəsi ilə baza istehlak səviyyəsinin müqayisəsi və müqayisə nəticəsində müəyyən edilən faktiki qənaət həcmi (natural ifadədə);

3.11.2. hesabat dövründə qüvvədə olan enerji resursları və isti suyun qiymətləri (tarifləri) və onlar əsasında faktiki qənaətin hesablanmış dəyəri;

3.11.3. faktiki qənaətin dəyərindən sabit faiz əsasında icraçıya ödəniləcək məbləğ.

3.12. Üzləşmə aktı sifarişçi və icraçı tərəfindən imzalanır və imzalandığı tarixdən 3 (üç) iş günü müddətində sifarişçi hesab-fakturaya əsasən ödənişi həyata keçirir.

3.13. Üzləşmə aktının imzalanma qaydası, o cümlədən müəyyən edilən çatışmazlıqlar və onların aradan qaldırılması, habelə müddətləri müqavilə ilə müəyyən edilir.

 

 “Enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi Qaydası”na

1 nömrəli əlavə

Enerji effektivliyi müqaviləsinin

 

NÜMUNƏVİ FORMASI

 

1. Müqavilənin tərəfləri

 

Bu müqavilə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq tərtib olunur və bir tərəfdən bundan sonra “Sifarişçi” adlandırılacaq

________________________________________________________________________________

________________________________________________________________________________

(hüquqi şəxsin adı, onun səlahiyyətli şəxsinin vəzifəsi, soyadı, adı və atasının adı, fiziki şəxsin soyadı, adı və atasının adı)

 

və digər tərəfdən bundan sonra “İcraçı” adlandırılacaq

________________________________________________________________________________

________________________________________________________________________________

(enerji effektivliyi xidmətinin icraçısının adı, onun səlahiyyətli şəxsinin vəzifəsi, soyadı, adı və atasının adı)

arasında __________________________ tarixində _____________________________________

(gün, ay, il)                                                                                     (imzalandığı yer)

bağlanılmışdır.

 

2. Müqavilənin predmeti

 

2.1. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə enerji həcminin ölçülməsi, təhlili və səmərəliliyin qiymətləndirilməsi, habelə enerji effektivliyi üzrə tədbirlərin tətbiqi ilə bağlı xidmətlər məcmusundan ibarət enerji effektivliyi üzrə xidmətlərin (bundan sonra – xidmət) göstərilməsini öhdəsinə götürür.

2.2. Aşağıdakı sənədlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur:

2.2.1. xidmətlərin göstərildiyi obyekt (bundan sonra – obyekt) üzrə enerji resursları və isti suyun baza istehlak səviyyəsi barədə məlumat (1 nömrəli əlavə);

2.2.2. enerji effektivliyi üzrə tədbirlər planı (2 nömrəli əlavə);

2.2.3. obyektin xüsusiyyətləri (3 nömrəli əlavə);

2.2.4. baza istehlak səviyyəsinin azalması – zəmanətli qənaət (4 nömrəli əlavə).

 

3. Müqavilənin müddəti

 

3.1. Müqavilə imzalandığı gündən qüvvəyə minir və _______ tarixinədək qüvvədədir.

 

4. Müqavilənin qiyməti və hesablaşma qaydası

 

4.1. Müqavilənin qiyməti xidmətlərin həcmindən və dəyərindən asılı olaraq zəmanətli qənaət əsasında müəyyən edilir.

4.2. Zəmanətli qənaət əsasında müəyyən edilən sabit faiz ___%-dir və faktiki qənaətin dəyərindən ödənilir. Faktiki qənaətin dəyərinin ___%-i Sifarişçinin sərəncamında qalır.

4.3. Müqavilənin qiyməti üzrə ödənişlər hər ______________________ (hesabat dövrü) üzrə həyata keçirilir.                                                                                      (ay, rüb, yarımil və ya il)

4.4. İcraçı hesabat dövründən sonrakı dövrün ilk 5 (beş) iş günü müddətində üzləşmə aktını və hesab-fakturanı Sifarişçiyə təqdim edir.

4.5. Sifarişçi üzləşmə aktını aldığı tarixdən 3 (üç) iş günü müddətində imzalayır və hesab-fakturaya əsasən ödənişi həyata keçirir və ya müəyyən edilən çatışmazlıqlar barədə əsaslandırılmış iradlarını İcraçıya göndərir.

4.6. İcraçı əsaslandırılmış iradları aldığı tarixdən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılmasını təmin edir və yenilənmiş üzləşmə aktını, iradlarla razılaşmadıqda isə əsaslandırılmış cavabını Sifarişçiyə təqdim edir.

4.7. Bu müqavilənin 4.5-ci bəndində qeyd edilən müddət ərzində üzləşmə aktı Sifarişçi tərəfindən imzalanmadıqda və ya Sifarişçinin əsaslandırılmış iradları İcraçıya təqdim edilmədikdə, İcraçının üzləşmə aktını birtərəfli qaydada imzalamaq və hesab-fakturaya əsasən ödəniləcək məbləği Sifarişçidən tələb etmək hüququ vardır.

4.8. Hər təqvim ilinin sonunda Tərəflər bu müqavilə üzrə həyata keçirilən ödənişləri üzləşdirir.

 

5. Enerji effektivliyi üzrə tədbirlər planı və onun icrası

 

5.1. Sifarişçi ilə razılaşdırılmış enerji effektivliyi üzrə tədbirlər planı (bundan sonra – Tədbirlər Planı) bu müqaviləyə əlavə olunur.

5.2. İcraçı Tədbirlər Planının keyfiyyətli və vaxtında icrasını təmin edir.

5.3. İcraçı tərəfindən istifadə olunan materiallar və avadanlıqlar Tədbirlər Planına uyğun olmalı, tələb olunan xüsusiyyətlərə, bu cür xüsusiyyətlərin göstərilmədiyi (olmadığı) hallarda isə onların mənşə ölkəsində qüvvədə olan texniki reqlamentlərə və (və ya) standartlara uyğun olmalıdır. İcraçı tərəfindən təchiz edilən bütün material və avadanlıqlar onların mənşəyini, keyfiyyətini təsdiq edən müvafiq sertifikatlara, texniki pasportlara və digər təsdiqedici sənədlərə malik olmalıdır.

5.4. Bu müqavilənin 5.3-cü bəndində qeyd edilən sənədlərin surətləri Sifarişçinin tələbi əsasında İcraçı tərəfindən dərhal təqdim edilir.

5.5. Tədbirlər Planında əksini tapan material və avadanlıqların xarakteristikalarına uyğun gələn və ya onları texniki cəhətdən üstələyən analoji material və avadanlığın İcraçı tərəfindən istifadəsi və ya quraşdırılması üçün İcraçı Sifarişçidən yazılı razılıq alır.

5.6. İcraçı material və avadanlıqların istifadəsi zamanı onların istehsalçıları tərəfindən müəyyən edilən tələblərə riayət edir.

5.7. İcraçı Tədbirlər Planının, o cümlədən hər tədbirin yekunlaşdığı tarixdən ___ iş günü müddətində təhvil-təslim aktını Sifarişçiyə təqdim edir. Təhvil-təslim aktına Tədbirlər Planına uyğun görülən işlər və onlara çəkilən xərcləri sübut edən sənədlər əlavə edilir.

5.8. Təhvil-təslim aktı Sifarişçi tərəfindən ____ iş günü müddətində imzalanır, bir nüsxəsi İcraçıya təqdim edilir və İcraçı tərəfindən növbəti tədbirin icrasına başlanılır.

5.9. Təhvil-təslim aktında əksini tapan məlumatların Sifarişçi tərəfindən yoxlanılması zamanı uyğunsuzluqlar müəyyən edildiyi halda, təhvil-təslim aktı və ona əlavə edilən sənədlər ___ iş günü müddətində dəqiqləşdirmələrin edilməsi üçün İcraçıya qaytarılır. Çatışmazlıqlar müəyyən edildiyi halda onların aradan qaldırılması məqsədilə Tərəflər qüsur aktını tərtib edir. Qüsur aktında qeyd edilən çatışmazlıqlar İcraçı tərəfindən _____ iş günü müddətində (çatışmazlıqların həcmi və xarakterinə görə başqa müddət müəyyən edilmədiyi halda) öz vəsaiti hesabına aradan qaldırılır.

5.10. Tədbirlər Planı üzrə işlərin yekunlaşma tarixi təhvil-təslim aktının imzalanma tarixidir.

5.11. İcraçı Tədbirlər Planının icrası çərçivəsində modernizasiyası (modifikasiyası) aparılmış və ya quraşdırılmış avadanlığın işi və istismarı üzrə təlimat, habelə avadanlığa texniki xidmət üçün tövsiyə olunan ehtiyat hissələrinin kataloqunu (siyahısını) Sifarişçiyə təqdim edir və ______ iş günü müddətində bu avadanlığın istismarı, saxlanması, habelə qəza hallarında sistemin və avadanlığın bərpa edilməsi ilə bağlı Sifarişçinin işçi heyətinə təlim keçir.

5.12. İcraçının təqsiri üzündən Sifarişçinin obyektinə dəyən zərər İcraçı tərəfindən öz vəsaiti hesabına aradan qaldırılır və ya zərərin məbləği tam həcmdə Sifarişçiyə ödənilir.

5.13. Tədbirlər Planının icrasından sonra müqavilə müddəti ərzində İcraçı obyektdəki texnoloji proseslərə, modernizasiya (modifikasiya) aparılmış və ya quraşdırılmış avadanlığın istismarına, enerji resursları və isti suyun istehlakına nəzarəti həyata keçirir.

 

6. Mülkiyyət hüququ

 

6.1. Müqavilə müddəti ərzində İcraçı tərəfindən Sifarişçinin obyektində quraşdırılan əmlak üzərində mülkiyyət hüququ İcraçıya məxsusdur.

6.2. Əmlak istismara verildiyi andan Sifarişçi bu əmlaka sahiblik və istifadə hüququna malik olur, əmlakın saxlanmasına, itirilməsinə (məhv edilməsinə) və zədələnməsinə görə məsuliyyət daşıyır.

6.3. Müqavilə müddətinin sonunda, həmçinin bu müqavilənin 11.5-ci bəndində qeyd edilən halda müqavilə ləğv edildikdə obyektdə quraşdırılan əmlaka mülkiyyət hüququ əlavə haqq ödənilmədən təhvil-təslim aktı əsasında Sifarişçiyə keçir.

6.4. Müqavilə üzrə İcraçı tərəfindən hazırlanan sənədlər Sifarişçinin mülkiyyəti hesab olunur və onun sərəncamında qalır. İcraçı bu sənədlərin surətini özündə saxlaya bilər.

 

7. Tərəflərin hüquq və öhdəlikləri

 

7.1. Sifarişçinin hüquqları:

7.1.1. bu müqavilənin şərtlərinə uyğun olaraq xidmətlərin İcraçı tərəfindən vaxtında və tam yerinə yetirilməsini tələb etmək;

7.1.2. aşkar edilmiş çatışmazlıqların vaxtında aradan qaldırılmasını tələb etmək;

7.1.3. bu müqavilə ilə bağlı sənədləri və məlumatı İcraçıdan tələb etmək.

7.2. Sifarişçinin öhdəlikləri:

7.2.1. İcraçı tərəfindən həyata keçirilən xidmətlərin qəbulunu və onların bu müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödənilməsini həyata keçirmək;

7.2.2. İcraçının tələbinə əsasən bu tələbin alındığı gündən ___ iş günü müddətində bu müqavilənin icrası üçün zəruri olan məlumatları və sənədləri təqdim etmək;

7.2.3. İcraçıya Sifarişçinin obyektinə maneəsiz girişini təmin etmək;

7.2.4. bu müqavilə çərçivəsində xidmətlərin göstərilməsi üçün təhlükəsiz şərait yaratmaq;

7.2.5. Tədbirlər Planında Sifarişçi tərəfindən yerinə yetirilməsi nəzərdə tutulmuş tətbiq şərtlərini yerinə yetirmək;

7.2.6. İcraçı tərəfindən təqdim edilən təhvil-təslim aktını bu müqavilənin 5.8-ci bəndində qeyd edilən müddətdə imzalamaq, imzalanmış aktın bir nüsxəsini İcraçıya vermək və ya bu müqavilənin 5.9-cu bəndində qeyd edilən tədbirlərin icrasını təmin etmək.

7.3. İcraçının hüquqları:

7.3.1. bu müqavilənin şərtlərinə uyğun olaraq göstərilən xidmətlərin Sifarişçi tərəfindən vaxtında və tam ödənilməsini tələb etmək;

7.3.2. bu müqavilənin icrası üçün lazım olan məlumatların və sənədlərin vaxtında təqdim edilməsini Sifarişçidən tələb etmək;

7.3.3. Sifarişçidən onun obyektinə maneəsiz girişin təmin edilməsini tələb etmək;

7.3.4. xidmətlərin icrasına subpodratçıları cəlb etmək. İcraçı subpodratçıların fəaliyyətinə görə Sifarişçi qarşısında məsuliyyət daşıyır.

7.4. İcraçının öhdəlikləri:

7.4.1. xidmətlərin göstərilməsi üçün “Lisenziya və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan lisenziya və icazələri əldə etmək;

7.4.2. bu müqavilənin 2.1-ci bəndində qeyd edilmiş xidmətlərin (o cümlədən, Tədbirlər Planının) icrasını tam və vaxtında təmin etmək;

7.4.3. bu müqavilənin şərtlərinə uyğun olaraq lazımi material və avadanlıqları təqdim etmək;

7.4.4. bu müqavilənin 4.4-cü bəndinə əsasən üzləşmə aktını və hesab-fakturanı və 5.7-ci bəndinə əsasən təhvil-təslim aktını müəyyən edilmiş müddətlərdə Sifarişçiyə təqdim etmək;

7.4.5 Tədbirlər Planının icrasının ilkin mərhələsi olaraq obyektdə enerji resursları və isti suyun istehlakının miqdarını müəyyən edən ölçmə vasitələrinin mövcudluğunu yoxlamaq, mövcud olmayanları quraşdırmaq, mövcud olanları müvafiq tələblərə uyğun sazlandırmaq və ya yenisi ilə əvəz etmək və istismara vermək;

7.4.6. ölçmə vasitələrinin daim işlək vəziyyətdə saxlanmasına nəzarət etmək. Bu, istismara yararlılığının monitorinqi, sıradan çıxma və ya nasazlıq hallarında operativ təmir, təmizlənmə, metroloji yoxlama və digər mütəmadi reqlament işlərinin aparılmasını əhatə edən texniki xidmətin təmin edilməsi vasitəsilə həyata keçirilir.

 

8. Tərəflərin məsuliyyəti

 

8.1. Bu müqavilənin yerinə yetirilməməsinə və ya lazımi səviyyədə yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq mülki məsuliyyət daşıyır.

8.2. Bu müqavilədə ödənişlə bağlı öhdəliklərin Sifarişçi tərəfindən yerinə yetirilməsi gecikdirildikdə İcraçı cərimə ödənilməsini tələb etmək hüququna malikdir. Bu halda Sifarişçi İcraçıya hər gecikdirilmiş günə görə hesabat dövrü üzrə gecikdirilmiş ödəniş məbləğinin 0,1 faizi miqdarında cərimə ödəyir.

8.3. Sifarişçi İcraçının və ya digər şəxslərin təqsiri üzündən və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasının gecikdirildiyini sübut etdikdə cərimə ödəməkdən azad edilir.

8.4. İstismara verilmədən əvvəl Sifarişçiyə məxsus ərazidə onun razılığı ilə saxlanılan İcraçıya məxsus olan əmlakın itirilməsinə (məhv edilməsinə) və zədələnməsinə görə Sifarişçi məsuliyyət daşıyır.

8.5. İcraçı müqavilə müddəti ərzində həyata keçirilən tədbirlərin, habelə bu tədbirlər zamanı istifadə olunan material və avadanlıqların keyfiyyətinə görə məsuliyyət daşıyır.

8.6. Bu müqavilənin 4 nömrəli əlavəsində qeyd olunan zəmanətli qənaətin müqavilə müddətinin sonunda əldə edilməməsi və bunun nəticəsində müqavilə çərçivəsində həyata keçirilmiş enerji effektivliyi tədbirlərinə çəkilən xərclərin faktiki qənaət hesabına tam qarşılanması mümkün olmayan hallarda bu xərclər İcraçıya aid edilir.

8.7. İcraçı tərəfindən bu müqavilə üzrə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi gecikdirildikdə, o cümlədən tədbirlərin icra müddətlərində və çatışmazlıqların aradan qaldırılmasında gecikmələrə görə Sifarişçi cərimənin ödənilməsini tələb etmək hüququna malikdir. Bu halda İcraçı hər gecikdirilmiş gün üçün Sifarişçiyə həmin il üçün müəyyən edilən zəmanətli qənaətin dəyərinin 0,1 faizi miqdarında cərimə ödəyir.

8.8. Cərimələrin ödənilməsi Tərəfləri bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərdən azad etmir.

8.9. Xidmətlərin həyata keçirilməsi zamanı İcraçı keyfiyyətə nəzarətə görə məsuliyyət daşıyır. İcraçı həyata keçirilən bütün tədbirlərin bu müqaviləyə uyğunluğunu təmin etmək üçün icra olunmuş tədbirlərin keyfiyyətini yoxlayır və sınaqdan keçirir.

8.10. Bu müqavilənin icrası nəticəsində üçüncü tərəfə dəymiş ziyan, bu ziyana görə digər şəxsin təqsiri sübut edilmədikdə, İcraçı tərəfindən ödənilir.

 

9. Qarşısıalınmaz qüvvə

 

9.1. Müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərdikdə, Tərəflər bu müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşımırlar.

9.2. Qarşısıalınmaz qüvvənin təsirinə Sifarişçi və İcraçı tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, əvvəlcədən nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, təbii fəlakətlər, texnoloji qəzalar, fövqəladə hallar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar və digər hallar aid edilir.

9.3. Bu müqavilə üzrə öhdəliklərin icra müddəti tərəflərin qarşılıqlı razılığı əsasında qarşısıalınmaz qüvvənin təsiri müddətinə uyğun uzadıla bilər.

9.4. Qarşısı alınmaz qüvvə nəticəsində öhdəliklərinin icrasını təmin edə bilməyən tərəf həmin qüvvənin təsiri və yaranma səbəbləri barədə bildirişi digər tərəfə ___ gün müddətində göndərir.

9.5. Bu müqavilənin 9.2-ci bəndində qeyd edilən vəziyyət bildiriş alınan gündən ______ gündən çox davam etdiyi hallarda Tərəflər birgə razılığa əsasən və qarşısıalınmaz qüvvə səbəbindən dəymiş ziyanın ödənilməsini tələb etmədən bu müqaviləni ləğv etmək hüququna malikdir.

9.6. Qarşısıalınmaz qüvvənin təsiri 3 (üç) ay və daha çox davam edərsə, tərəflərdən biri _____ gün əvvəl bildirişlə digər tərəfi məlumatlandırmaq şərtilə müqaviləni ləğv edə bilər. Bu halda Tərəflər müqavilə üzrə qarşılıqlı hesablaşmaları 30 (otuz) gün müddətində həyata keçirirlər.

 

10. Məxfilik

 

10.1. Bu Müqavilənin şərtləri və icra olunması ilə bağlı məlumatlar (ticarət, maliyyə və s.) kommersiya sirri hesab olunur və qarşı tərəfin razılığı olmadan, qanunvericilikdə nəzərdə tutulmuş qaydadan kənar formada bu məlumatların istər müqavilə müddətində, istərsə də müqavilə müddəti bitdikdən sonra digər tərəflər qarşısında bilavasitə və ya dolayısilə açıqlanması qanunla məsuliyyətə səbəb olur.

10.2. Bu müqavilədə İcraçının məxfilik öhdəlikləri aşağıda qeyd edilən hallar olduqda tətbiq edilmir:

10.2.1. İcraçının günahı olmadan aşkar olduqda (o halda ki, ictimaiyyətə aşkar olunub);

10.2.2. heç bir məhdudiyyət qoyulmadan və hazırkı müqavilənin şərtlərini pozmadan İcraçı tərəfindən birbaşa üçüncü tərəfdən alındıqda;

10.2.3. hazırkı müqavilə pozulmadan İcraçı müstəqil surətdə bildirdikdə;

10.2.4. Sifarişçinin yazılı icazəsi ilə təsdiq olunduqda;

10.2.5. məhkəmə və ya hüquq mühafizə orqanları tərəfindən tələb olunduqda.

 

11. Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi, xitam verilməsi

 

11.1. Bu müqaviləyə bütün əlavə və dəyişikliklər maraqlı tərəfin rəsmi müraciəti və tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər.

11.2. Bu müqaviləyə edilən əlavə və dəyişikliklər onun ayrılmaz hissəsi sayılan Əlavə Razılaşma ilə rəsmiləşdirilir.

11.3. Tərəflərdən biri bu müqaviləni əhəmiyyətli dərəcədə pozduqda digər tərəfin tələbi ilə müqavilə ləğv edilə bilər.

11.4. Bu müqavilənin 11.3-cü bəndində qeyd edilən hallarda müqaviləni ləğv etmək niyyətində olan Tərəf müqavilənin ləğv edilməsi ehtimal olunan tarixə ən azı ___ iş günü qalmış digər Tərəfə niyyətini və əsaslandırılmış səbəbləri əks etdirən yazılı məlumat təqdim etməklə, bu müqaviləni birtərəfli qaydada ləğv edə bilər. Müqavilənin birtərəfli qaydada ləğv edilməsi halında İcraçı yalnız müqavilənin ləğv edilməsi tarixinə faktiki göstərilmiş və göstərilməsi müvafiq sənədlərlə təsdiq edilən xidmətin qiymətinin ödənilməsini tələb etmək hüququna malikdir.

11.5. Bu müqavilə zəmanətli qənaətin tam şəkildə təmin edildiyi və müqavilənin qiyməti İcraçıya tam ödənildiyi hallarda müqavilə tərəflərdən birinin tələbi ilə ləğv edilə bilər.

 

12. Mübahisələrin həlli

 

12.1. Bu müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir.

12.2. Hazırkı müqavilə üzrə mübahisələr Tərəflərin öz aralarında, pretenziya irəli sürülməsi qaydası ilə həll edilir.

12.3. Tərəflər arasında yaranmış mübahisələr bu müqavilənin 12.1-ci və 12.2-ci bəndlərində qeyd olunan qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaqdır.

 

13. Yekun müddəalar

 

13.1. Bu müqavilənin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur.

13.2. Bu müqavilə qüvvədə olduğu müddətdə ünvanında (hüquqi ünvanında) və bank rekvizitlərində hər hansı dəyişiklik baş vermiş Tərəf bu barədə digər Tərəfi 3 (üç) iş günü müddətində yazılı formada xəbərdar etməlidir.

13.3. Müqavilə üzrə sənədləşdirmə (o cümlədən, xəbərdarlıq, bildiriş və s.) yazılı qaydada aparılır. Qəbul edən Tərəf müvafiq sənədlərin (məlumatların) alınmasını təsdiq edir. Göndərilən sənədlər (məlumatlar) digər Tərəfə çatdırıldığı tarixdən qüvvəyə minir.

13.4. Bu müqavilə Azərbaycan Respublikasının dövlət dilində hər bir Tərəfdə qalmaq şərtilə eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib olunur. Zərurət olduqda, müqavilə beynəlxalq ticarətdə geniş istifadə olunan dillərin birinə tərcümə oluna bilər.

14. Tərəflərin ünvanları (hüquqi ünvanları) və bank rekvizitləri

 

Sifarişçi _____________________________

 

Ünvanı ______________________________

 

VÖEN _______________________________

 

Bank rekvizitləri______________________

_____________________________________

_____________________________________

_____________________________________

Səlahiyyətli şəxs

_____________________________________

(soyadı, adı, atasının adı)

_____________________________________

(vəzifəsi)

 

İmza ________________________________

 

M.Y.

İcraçı _________________________________

 

Ünvanı ________________________________

 

VÖEN _________________________________

 

Bank rekvizitləri________________________

_______________________________________

_______________________________________

_______________________________________

Səlahiyyətli şəxs

_______________________________________

(soyadı, adı, atasının adı)

_______________________________________

(vəzifəsi)

 

İmza __________________________________

 

M.Y.

 

 Enerji effektivliyi müqaviləsinə

1 nömrəli əlavə

Xidmətlərin göstərildiyi obyekt üzrə enerji resursları və isti suyun baza istehlak səviyyəsi barədə məlumat

 

NövüNatural ifadədə baza istehlak səviyyəsiQiymətlər (tariflər)Baza istehlak səviyyəsinin dəyəri

(min manat)

ölçü vahidimiqdarölçü vahidiqiymət
Elektrik enerjisiil kVt·stmanat/kVt·st
İstilik enerjisiil üzrə Qkalmanat/Qkal
İsti suil üzrə m(və ya il üzrə Qkal)manat/m3(və ya manat/Qkal)
Təbii qazil üzrə min m3manat/min m3
Digəril üzrə müvafiq ölçü vahidiil üzrə müvafiq ölçü vahidi

 

 

Növü____ -ci ilin (baza ili) ayları üzrə baza istehlak səviyyəsi
yanvarfevralmartaprelmayiyuniyulavqustsentyabroktyabrnoyabrdekabr 
Elektrik enerjisi, kVt·st             
İstilik enerjisi, Qkal             
İsti su, m3             
Təbii qaz, min m3             
Digər             

 

Sifarişçi       İcraçı
____________________________________

(vəzifəsi, adı, soyadı və atasının adı)

____________________________________

(vəzifəsi, adı, soyadı və atasının adı)

____________________________________

(imza)

____________________________________

(imza)

         Möhür        Möhür

 

 Enerji effektivliyi müqaviləsinə

2 nömrəli əlavə

 

Enerji effektivliyi üzrə Tədbirlər Planı

 

Obyektin adı _____________________________________________

Obyektin ünvanı _________________________________________

 

Sıra №-siTədbirin adıİcra mərhələləriİcra müddətiTələb olunan vəsaitTətbiq şərtləri*
      
      
      
      
      
  Yekun   

 

* Tədbirlər Planının icrası üçün zəruri olan və Sifarişçi tərəfindən riayət ediləcək texniki tələblər (tikintiyə dair normativ sənədlər, texniki təhlükəsizlik və əməyin mühafizəsi tələbləri) nəzərdə tutulur.

 

Sifarişçi

______________________________________

(vəzifəsi, adı, soyadı və atasının adı)

______________________________________

(imza)

   İcraçı

______________________________________

(vəzifəsi, adı, soyadı və atasının adı)

______________________________________

(imza)

 

 

 Enerji effektivliyi müqaviləsinə

3 nömrəli əlavə

 

ENERJİ EFFEKTİVLİYİ XİDMƏTLƏRİNİN GÖSTƏRİLDİYİ OBYEKTİN XÜSUSİYYƏTLƏRİ

 

Obyekt haqqında ümumi məlumatlar

 

Obyektin adı:

Obyektdə daimi və/və ya müvəqqəti olan insanların orta sayı:

 

Obyektin iş qrafiki

 

Fəaliyyət dövrü (il)İş intervalı

(işin başlanma və bitmə saatları)

Saatların sayıHəftəlik iş günlərinin sayı
Müqavilə ilindən əvvəl son 3 ildə:   
1.1-ci il (baza ili)   
2.2-ci ildə   
3.3-cü ildə   

 

Obyektin əsas xüsusiyyətləri

 

Əsas tikinti materialı (daş, kərpic, panel, monolit və s.) 
Sahəsi, m2 
Mərtəbələrin sayı 
Hündürlüyü, m 
Hər mərtəbənin sahəsi, m2 
Dam örtüyünün növü (metal, kirəmit və s.) 
Şüşələnmənin növü (taxta, plastik, digər çərçivələr) 
Şüşələnmə sahəsi, m2 
Qapıların sahəsi, m2 
İsitmə növü 
İsidilən sahə, m2 
İsitmə həcmi, m3 
İsitmə dövrünün müddəti, sutka/il 
İsitmə dövründə xarici havanın hesabi temperaturu, °C 
İsitmə dövründə daxili havanın hesabi temperaturu, °C 
İsti su təchizatının növü 
Müqavilə ilindən əvvəl son 3 il müddətində gələn isti su borusunda orta günlük temperatur, °C 
Müqavilə ilindən əvvəl son 3 il müddətində qayıdan isti su borusunda orta günlük temperatur, °C 

 

Elektrik enerjisinin istehlakı

 

 DövrQoyuluş gücü, kVt
İşıqlandırma  
Havalandırma  
İsitmə  
Digər istehlak və/və ya avadanlıq növləri  

 

Obyektdə planlaşdırılan təmir barədə məlumat

 

DövrTəmir növü

(cari və ya əsaslı)

Qısa təsvir (obyektin xüsusiyyətləri üzrə planlaşdırılan dəyişikliklər)
   
   
   
   
   

 

20   – ci il üzrə obyektin ölçmə vasitələri ilə təchiz edilməsi haqqında məlumat

 

Enerji resursları və isti suMühəndis-kommunikasiya girişlərinin sayı, vahidHesabat (kommersiya) uçotu cihazının növü

(marka)

Texniki uçot cihazının növü

(marka)

Hesabat (kommersiya) uçotu cihazı ilə təchiz edilmiş mühəndis-kommunikasiya girişlərinin funksional təyinatıQeyd
ölçmə vasitələri ilə təchiz olunmuşölçmə vasitələri ilə təchiz olunmamış
Elektrik enerjisi      
İstilik enerjisi      
İsti su      
Təbii qaz      
Digər      

 

 

Sifarişçi

_____________________________________

(vəzifəsi, adı, soyadı və atasının adı)

_____________________________________

(imza)

Möhür

İcraçı

_____________________________________

(vəzifəsi, adı, soyadı və atasının adı)

_____________________________________

(imza)

Möhür

 

 Enerji effektivliyi müqaviləsinə

4 nömrəli əlavə

 

BAZA İSTEHLAK SƏVİYYƏSİNİN AZALMASI

(ZƏMANƏTLİ QƏNAƏT)

 

Növüİstehlakın azalmasıMüqavilə müddəti (illər)CƏMİ
20__20__20__20__20__20__20__20__20__20__
Elektrik enerjisi%
kVt·st/il
İstilik enerjisi%
QKal
İsti su%
m3
Təbii qaz%
min m3
Digər%
ölçü vahidi

 

 

 

Sifarişçi

_____________________________________

(vəzifəsi, adı, soyadı və atasının adı)

_____________________________________

(imza)

Möhür

İcraçı

_____________________________________

(vəzifəsi, adı, soyadı və atasının adı)

_____________________________________

(imza)

Möhür

https://e-qanun.az/framework/51269