2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
- Enerji effektivliyi fondu (bundan sonra – Fond) yaradılsın.
- “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
- Müəyyən edilsin ki:
3.1. Fond enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılır və onun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyidir;
3.2. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Qaydanın 2.2-ci bəndinə uyğun olaraq, qiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan enerji resurslarının satışından Fonda köçürüləcək vəsaitin formalaşdırılması barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
- Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 mart 2024-cü il
№ 13
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanı ilə təsdiq edilmişdir |
Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə
QAYDASI
- Ümumi müddəalar
1.1. Bu Qayda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 16.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və enerji effektivliyi fondunun (bundan sonra – Fond) vəsaitinin formalaşdırılması və həmin vəsaitdən istifadə ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.
1.2. Fondun vəsaitindən Qanunun 15.2-ci maddəsində nəzərdə tutulan tədbirlərin və Fondun saxlanılması xərclərinin maliyyələşdirilməsi üçün istifadə olunur.
1.3. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. qrant – Qanunun 15.2-ci maddəsində nəzərdə tutulan istiqamətlər üzrə “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq göstərilən yardım;
1.3.2. subsidiya – Qanunun 15.2-ci maddəsində nəzərdə tutulan istiqamətlər üzrə maliyyələşdirmənin həyata keçirilməsi üçün əvəzsiz verilən maliyyə vəsaiti;
1.3.3. pilot layihə – enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində yeni texnoloji həlləri tətbiq etməklə, sınaq məqsədilə işlərin görülməsinə yönəlmiş təşkilati, hüquqi, elmi, texnoloji və iqtisadi tədbirlərin məcmusu;
1.3.4. müvəkkil kredit təşkilatı – güzəştli kredit vəsaitinin fiziki və ya hüquqi şəxslərə çatdırılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (bundan sonra – Agentlik) ilə müqavilə bağlayan və bu Qaydanın 4.4-cü bəndində nəzərdə tutulan meyarlara cavab verən banklar və bank olmayan kredit təşkilatları.
1.4. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
1.5. Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə bank hesabı açılır.
1.6. Fondun vəsaiti dövlət mülkiyyəti hesab olunur və onun sərəncamçısı dəyişdirilə bilməz.
- Fondun vəsaitinin formalaşdırılması və ondan istifadə istiqamətləri
2.1. Fondun vəsaiti Qanunun 16.2-ci maddəsinə əsasən aşağıdakı mənbələr hesabına formalaşdırılır:
2.1.1. enerji resurslarının tarif və qiymətlərində nəzərdə tutulan vəsait (enerji resurslarının satışından əldə olunan vəsait);
2.1.2. kreditlər və qrantlar;
2.1.3. hüquqi və fiziki şəxslərin könüllü ianələri;
2.1.4. beynəlxalq təşkilatların və digər donorların ayırmaları;
2.1.5. Fondun vəsaitinin idarə edilməsindən əldə olunan gəlir;
2.1.6. qanunla qadağan olunmayan digər mənbələr.
2.2. Bu Qaydanın 2.1.1-ci yarımbəndində nəzərdə tutulan vəsait bu Qaydanın Əlavəsinə uyğun olaraq, enerji resurslarının ölkədaxili istehsalçı tarifi ilə satışından daxil olan vəsaitdən həmin enerji resurslarının istehsalını həyata keçirən subyektlər (elektrik enerjisini bərpa olunan enerji mənbələri hesabına istehsal edən subyektlər istisna olmaqla) tərəfindən nağdsız formada hər rüb üçün növbəti rübün ilk ayının 15-dən gec olmayaraq Fonda köçürülür.
2.3. Bu Qaydanın 2.1.5-ci yarımbəndinə uyğun olaraq əldə olunan gəlir dedikdə Fondun sərbəst vəsaitinin yerləşdirilməsi üzrə müvəkkil kredit təşkilatının ödədiyi faiz gəlirləri, habelə Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsindən əldə olunan faiz gəlirləri və cərimələr nəzərdə tutulur.
2.4. Qanunun 16.3-cü maddəsinə uyğun olaraq, Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə edilir:
2.4.1. enerji effektivliyi üzrə tədbirlərin və dövlət proqramlarının icrasının dəstəklənməsi;
2.4.2. Qanunun 19.2-ci maddəsində nəzərdə tutulan elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi;
2.4.3. enerji menecmenti sisteminin tətbiqi;
2.4.4. ağıllı sayğacların və sistemlərin tətbiqi;
2.4.5. kogenerasiya və yüksək effektiv kogenerasiya qurğularının tətbiqi;
2.4.6. bərpa olunan enerji mənbələrindən istifadə.
2.5. Enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan layihələrin (bundan sonra – layihələr) həyata keçirilməsinin təşviqi məqsədilə Agentlik, Qanunun 15.1-ci maddəsinə uyğun olaraq, aşağıdakı stimullaşdırıcı tədbirləri həyata keçirir:
2.5.1. qrant və subsidiyaların ayrılması;
2.5.2. pilot layihələrin tətbiqi;
2.5.3. güzəştli kreditlərin verilməsi.
2.6. Layihələrin maliyyəşdirilməsinin yuxarı həddi bu Qaydanın 2.4-cü bəndində qeyd edilən hər bir tədbir üzrə hər il Agentlik tərəfindən müəyyən olunur.
- Pilot layihələrin tətbiqi, subsidiya və qrantların verilməsi
3.1. Agentlik fiziki və hüquqi şəxslər tərəfindən tətbiq ediləcək pilot layihələrin maliyyələşdirilməsini, həmçinin layihələr üzrə subsidiya və qrant ayrılmasını həyata keçirir.
3.2. Fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan layihələr Qanunun və bu Qaydanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən müəyyən edilən tələblərə uyğun hazırlanmalıdır.
3.3. Fiziki və ya hüquqi şəxs pilot layihələrin maliyyələşdirilməsi, həmçinin subsidiya və qrant alınması üçün forması Nazirlik tərəfindən müəyyən edilən ərizəni, habelə layihəni və layihənin maliyyə əsaslandırılmasını Agentliyə təqdim edir.
3.4. Bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulan sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.4-cü maddəsinə uyğun olaraq, müraciət edən şəxsə həmin çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri izah edilir. Çatışmazlıqlar ən geci 10 (on) iş günü müddətində aradan qaldırılmadıqda, müraciətin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və bu barədə məlumat müraciət edən şəxsə 3 (üç) iş günü müddətində təqdim edilir, yaxud sifarişli poçt göndərişi və ya elektron poçt vasitəsilə göndərilir.
3.5. Fiziki və ya hüquqi şəxslər barədə məlumatlar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən əldə olunur və bu Qaydanın 5.2–5.4-cü bəndlərinə uyğun olaraq layihənin ekspertizası və qiymətləndirilməsi həyata keçirilir.
3.6. Agentlik tərəfindən seçilmiş layihə Agentliklə fiziki və ya hüquqi şəxs arasında bağlanılmış müqavilə (qrant haqqında və ya subsidiyalara münasibətdə mülki qanunvericiliyə uyğun olaraq bağlanılmış müqavilə) əsasında maliyyələşdirilir.
3.7. Bərpa olunan enerji mənbələrindən istifadə edilməsinə subsidiya bərpa olunan enerji mənbələrinə qoyulmuş investisiyanın geri qaytarılmasına və sahənin investor üçün cəlbediciliyinin təmin edilməsinə görə elektrik enerjisinin istehsalçıdan satın alınması müqavilələri əsasında tətbiq olunan zəmanətli tariflə elektrik enerjisinin topdansatış qiyməti (tarifi) arasındakı fərqin ödənilməsi məqsədilə yalnız zəmanətli alıcıya verilir.
3.8. Agentliyin rəsmi internet səhifəsində və mediada konfidensial məlumatların qorunması tələbinə riayət edilməklə, pilot layihənin nəticələri, həmçinin subsidiya və qrant ayrılması barədə ictimaiyyətə məlumat verilir.
- Güzəştli kreditlərin verilməsi və geri qaytarılması
4.1. Agentlik güzəştli kreditləri Qanunun 15.2-ci maddəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün, müvəkkil kredit təşkilatları vasitəsilə verir.
4.2. Hər bir layihə üzrə Fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit verilə bilər:
4.2.1. 1 000 manatdan 50 000 manatadək – kiçikhəcmli kreditlər;
4.2.2. 50 001 manatdan 1 000 000 manatadək – ortahəcmli kreditlər;
4.2.3. 1 000 001 manatdan 10 000 000 manatadək – böyükhəcmli kreditlər.
4.3. Güzəştli kreditlər aşağıdakı müddətə verilir:
4.3.1. kiçikhəcmli kreditlər üçün – 5 (beş) ilədək;
4.3.2. ortahəcmli kreditlər üçün – 10 (on) ilədək;
4.3.3. böyükhəcmli kreditlər üçün – 15 (on beş) ilədək.
4.4. Müvəkkil kredit təşkilatları aşağıdakı meyarlara uyğun olmalıdır:
4.4.1. Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) müəyyən etdiyi minimum məcmu kapital, kapital adekvatlığı və likvidlik əmsalları üzrə prudensial tələblərə cavab verməli;
4.4.2. son 2 (iki) ildə kredit portfelində (2016-cı il yanvarın 1-dən əvvəl verilib sonradan restrukturizasiya edilmiş kreditlər istisna olmaqla) qeyri-işlək kreditlərinin (balansdan silinmiş kreditlərin qalıqları nəzərə alınmaqla) payı 10 faizdən yuxarı olmamalı;
4.4.3. vaxtı keçmiş kreditlərlə iş üzrə müvafiq daxili qayda və prosedurları olmalıdır.
4.5. Fiziki və ya hüquqi şəxslər bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulan ərizəni və digər sənədləri müvəkkil kredit təşkilatına təqdim edirlər.
4.6. Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, həmin çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri müraciət edən şəxsə izah edilir. Çatışmazlıqlar ən geci 10 (on) iş günü müddətində aradan qaldırılmadıqda, müraciətin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və bu barədə məlumat müraciət edən şəxsə 3 (üç) iş günü müddətində təqdim edilir, yaxud sifarişli poçt göndərişi və ya elektron poçt vasitəsilə göndərilir.
4.7. Fiziki və ya hüquqi şəxslər barədə bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq təqdim edilən ərizədə nəzərdə tutulan məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunur. Müvəkkil kredit təşkilatı Agentliyin bu Qaydanın 3.2-ci bəndinə uyğun müəyyən etdiyi layihələrin tərtib olunmasına dair minimal tələbləri və bu Qaydanın 5.3-cü bəndində qeyd edilən tədbirlər əsasında layihələri təhlil edərək, layihəyə güzəştli kreditin ayrılması və ya imtina barədə ilkin qərarını fiziki və ya hüquqi şəxsə bildirir. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi layihələrə dair Agentliyin müəyyən etdiyi məlumatları və sənədləri Agentliyə elektron qaydada və ya kağız daşıyıcıda göndərir.
4.8. Agentlik müvəkkil kredit təşkilatının təqdim etdiyi sənədlərə 5 (beş) iş günü müddətində baxır və layihənin maliyyələşdirilməsi və ya maliyyələşdirilməsindən imtina barədə qərar qəbul edir və həmin qərarı 1 (bir) iş günü müddətində müvəkkil kredit təşkilatına elektron qaydada və ya kağız daşıyıcıda göndərir.
4.9. Layihənin maliyyələşdirilməsi müvəkkil kredit təşkilatı ilə fiziki və ya hüquqi şəxs arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir.
4.10. Müvəkkil kredit təşkilatları tərəfindən layihələri maliyyələşdirilən fiziki və ya hüquqi şəxslər haqqında hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) bank günündən gec olmayaraq Agentliyə məlumat verilməlidir. Təqdim olunacaq məlumatın formasını Nazirlik müəyyənləşdirir.
4.11. Agentlik hər bir müvəkkil kredit təşkilatı üçün ilin əvvəlində onun müraciəti əsasında ayrılacaq vəsaitin yuxarı həddini müəyyən edir. Ayrılmış vəsaitdən istifadə edildikdən sonra müvəkkil kredit təşkilatının müraciəti əsasında Agentlik müvəkkil kredit təşkilatına əlavə vəsait ayrılması barədə qərar qəbul edə bilər.
4.12. Müvəkkil bankların Fonddan cəlb etdikləri vəsaitin ümumi məbləğinin qalığı onların məcmu kapitalının, bank olmayan kredit təşkilatlarının isə nizamnamə kapitalının 100 faizinədək ola bilər.
4.13. Müvəkkil kredit təşkilatının müraciəti əsasında ayrılmış ilkin vəsait üzrə maliyyə ilinin başa çatmasına 3 (üç) ay qalanadək, əlavə olaraq ayrılmış vəsait üzrə isə ilin sonuna 1 (bir) ay qalanadək 80 faizdən az istifadə olunarsa, vəsaitin istifadə olunmayan hissəsinə yuxarı hədd müəyyən edilən tarixdən etibarən müvafiq olaraq oktyabrın 1-dək və ya dekabrın 1-dək hər təqvim günü üçün 0,02 faiz cərimə hesablanır. Ayrılmış vəsaitdən müvəkkil kredit təşkilatı istifadə etmədikdə, Agentlik həmin vəsaitin geri qaytarılması və digər müvəkkil kredit təşkilatına ayrılması barədə qərar qəbul edə bilər. Müvəkkil kredit təşkilatı oktyabrın 1-dək və ya dekabrın 1-dək ayrılacaq vəsaitin yuxarı həddinin azaldılması və ya geri qaytarılması barədə Agentliyə müraciət edə bilər.
4.14. Bir müvəkkil kredit təşkilatı üçün müəyyən olunmuş yuxarı hədd həmin il üzrə müvəkkil kredit təşkilatlarına veriləcək cəmi vəsaitin 35 faizindən çox ola bilməz.
4.15. Müvəkkil kredit təşkilatı istifadə etdiyi vəsait üzrə əsas borcu və hesablanmış faizləri Agentliklə bağladığı müqaviləyə uyğun olaraq, hər ay üzrə növbəti ayın 3 (üç) iş günündən gec olmayaraq Agentliyə ödəməlidir.
4.16. Fors-major hadisələrlə bağlı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən Agentliyin müəyyən etdiyi qaydada müvəkkil kredit təşkilatlarının Agentlik qarşısındakı borc öhdəliyinin restrukturizasiyası (öhdəliyin icrasına möhlət verilməsi) həyata keçirilə bilər.
4.17. Fiziki və ya hüquqi şəxs tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı Agentlik qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı Agentlik qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün, lakin 120 (yüz iyirmi) gündən çox olmamaq şərtilə, köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə ödəyir. Müvəkkil kredit təşkilatı öhdəliklərini icra etmədikdə, Agentlik Fondun vəsaitinin qaytarılması üçün tədbirlər görür.
4.18. Agentlik qarşısında yaranmış öhdəliklərinin təminatı məqsədilə Agentliklə müvəkkil kredit təşkilatı arasında bağlanılan müqavilədə Agentliyin tələbi üzrə müvafiq pul vəsaitinin müvəkkil kredit təşkilatının Mərkəzi Bankdakı müxbir hesabından silinməsi haqqında Mərkəzi Banka yazılı sərəncam vermək öhdəliyi və bu sərəncamın həmin müqavilə üzrə öhdəliklərə xitam verilənədək qüvvədə qalması barədə müddəa nəzərdə tutulur.
4.19. Köçürülmə zamanı müvəkkil kredit təşkilatının müraciəti əsasında fiziki və ya hüquqi şəxsə verilmiş güzəştli kreditin restrukturizasiyası (krediti ödəmə müddətinin uzadılması) Agentliyin müəyyən etdiyi qaydada yalnız bir dəfə həyata keçirilə bilər.
4.20. Güzəştli kreditlər üzrə illik faiz dərəcələrinin yuxarı həddini Agentlik müəyyən edir. Fiziki və ya hüquqi şəxs aldığı güzəştli kreditlər üzrə faiz borclarını müqavilə şərtlərinə uyğun olaraq hər ay ödəməlidir. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə ödənilir. Vaxtından əvvəl ödənilən faizləri və ya əsas borcunu müvəkkil kredit təşkilatı 3 (üç) iş günündən gec olmayaraq Fonda köçürməlidir. Müvəkkil kredit təşkilatı həmin vəsaitin Fonda köçürülməsini gecikdirdikdə, bu Qaydanın 4.17-ci bəndinə uyğun olaraq cərimə ödəməlidir. Gecikdirmə 30 (otuz) iş günündən çox olarsa, Agentlik müvəkkil kredit təşkilatına yeni vəsait ayrılmasını dayandıra və ya müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edə bilər.
- Layihələrin ekspertizası və qiymətləndirilməsi
5.1. Agentliyə elektron və ya kağız daşıyıcıda təqdim olunan bütün layihələr ekspertizadan keçirilir. Ekspertizanın əsas məqsədi təqdim olunmuş layihələrin məzmununun və onların yerinə yetirilməsi imkanlarının qiymətləndirilməsindən və maliyyələşdirilməsinin məqsədəuyğunluğunun müəyyən edilməsindən ibarətdir. Agentlik təqdim olunmuş layihələrin ekspertizasına müqavilə əsasında müstəqil ekspertləri və maliyyə institutlarını cəlb edə bilər.
5.2. Təqdim olunan layihələr ilkin mərhələdə 30 (otuz) təqvim günü müddətində Agentlik tərəfindən ilkin ekspertizadan keçirilir. Güzəştli kreditlərlə bağlı layihələrin ekspertizasını müvəkkil kredit təşkilatı həyata keçirir.
5.3. Layihələrin ilkin ekspertizası zamanı aşağıdakılar təmin edilir:
5.3.1. Agentlik tərəfindən qeydiyyata alınmış layihələrin bu Qaydanın 2.4.1–2.4.6-cı yarımbəndlərində nəzərdə tutulan istiqamətlər üzrə qruplaşdırılması;
5.3.2. layihənin və ona əlavə olunmuş sənədlərin bu Qaydaya uyğunluğunun müəyyən edilməsi;
5.3.3. layihəni təqdim etmiş şəxsin qabaqcıl təcrübə və effektiv texnologiyalara malik olmasının yoxlanılması;
5.3.4. layihəni təqdim etmiş şəxslərin əvvəl icra etdikləri layihələrin icra vəziyyətinin, cinayətə görə məhkumluğunun olub-olmadığının (hüquqi şəxsin əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilməsinin), müflis elan edilib-edilmədiyinin, əmlakı üzərinə həbs qoyulmadığının, tutma yönəldilmiş girovunun olmadığının, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmadığının, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməmiş öhdəliklərinin olub-olmadığının araşdırılması;
5.3.5. layihənin energetika sisteminin etibarlılığını və təhlükəsizliyini təmin etməsi;
5.3.6. layihədə enerji effektivliyi üzrə stimullaşdırıcı və təşviqedici mexanizmlərin nəzərdə tutulması;
5.3.7. layihənin ətraf mühitə müsbət təsiri;
5.3.8. layihənin enerjiyə qənaət edən texnologiyalara və xidmətlərə investisiya qoyuluşunu dəstəkləməsi;
5.3.9. layihənin dayanıqlı olaraq inkişaf etdirilməsi imkanları və davamlılığı;
5.3.10. layihənin xərc smetasının onun həyata keçirilməsi üçün tələb edilən vəsaitə uyğun olaraq hazırlanması;
5.3.11. layihə icraçısının müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maddi-texniki bazasının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması.
5.4. İlkin ekspertizadan uğurla keçmiş layihələr ikinci mərhələdə Agentlik tərəfindən bu Qaydanın 5.6-cı bəndi nəzərə alınmaqla 15 (on beş) təqvim günü müddətində qiymətləndirilir.
5.5. Təqdim olunmuş və ekspertizadan müvəffəqiyyətlə keçmiş layihələrin maliyyələşdirilməsi barədə Agentlik qərar qəbul edir. Layihənin maliyyələşdirilməsi barədə qərarda layihəni təqdim etmiş şəxs haqqında məlumatlar, layihənin adı, həyata keçiriləcəyi inzibati ərazi vahidi, enerji səmərəliliyinə təsiri, tətbiq edilən texnologiya, layihənin məbləği və icra müddəti qeyd edilir.
5.6. Agentlik aşağıdakı hallarda təqdim edilmiş layihənin maliyyələşdirilməsindən imtina edilməsi barədə qərar qəbul edir:
5.6.1. layihə və ona əlavə olunmuş sənədlər bu Qaydaya uyğun olaraq tərtib edilmədikdə;
5.6.2. layihənin icrası tələb olunan büdcə ilə uyğunluq təşkil etmədikdə;
5.6.3. eyniməzmunlu layihələr artıq Agentlik tərəfindən maliyyələşdirildiyi hallarda.
5.7. Agentlik tərəfindən layihənin maliyyələşdirilməsi və ya maliyyələşdirilməsindən imtina edilməsi barədə qərarın surəti müraciət edən şəxsə 5 (beş) iş günü müddətində təqdim edilir, yaxud sifarişli poçt göndərişi və ya elektron poçt vasitəsilə göndərilir.
5.8. Layihənin maliyyələşdirilməsindən imtina edilməsi barədə qərarda imtinanın səbəbləri qeyd edilir.
5.9. Layihəni təqdim edən şəxs layihənin maliyyələşdirilməsindən imtina edilməsi barədə qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.
5.10. Layihəni təqdim etmiş şəxs təqdim etdiyi, lakin maliyyələşdirilməsinə dair imtina qərarı qəbul edilmiş layihəni, imtinanın səbəblərini aradan qaldıraraq, yenidən təqdim edə bilər.
- Layihələrin monitorinqi
6.1. Agentlik ildə 2 (iki) dəfədən az olmayaraq ayrılmış vəsaitdən (güzəştli kreditlər istisna olmaqla) təyinatı üzrə istifadə edilməsinin monitorinqini aparır.
6.2. Layihələrin monitorinqi aşağıdakı məqsədlərlə həyata keçirilir:
6.2.1. layihə icraçısının bağlanılmış müqaviləyə əsasən Agentlik qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsini qiymətləndirmək;
6.2.2. layihə üzrə risklərin azaldılması və aradan qaldırılması üçün tədbirlər görmək.
6.3. Monitorinq layihə icraçısının təqdim etdiyi məlumatların yoxlanılması yolu ilə aparılır. Layihə icraçısı layihə çərçivəsində görülmüş işlər və istifadə olunmuş vəsait barədə dövri və yekun hesabatları Agentliyin müəyyənləşdirdiyi müddətlərdə və formada təqdim edir.
6.4. Layihələrin monitorinqi zamanı Fondun vəsaitindən təyinatı üzrə istifadə olunub-olunmadığı yoxlanılır və müvafiq sənədlər üzrə layihə icraçısının faktiki və proqnoz göstəriciləri müqayisəli şəkildə təhlil edilir.
6.5. Aparılan monitorinq zamanı layihə üzrə nəzərdə tutulan işlərin yerinə yetirilməməsi və vəsaitdən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, layihənin maliyyələşdirilməsinin dayandırılması və ödənilmiş vəsaitin geri qaytarılması barədə qərar qəbul edilir.
6.6. Ödənilmiş vəsaitin geri qaytarılması barədə qərar qəbul edildiyi təqdirdə, layihənin icraçısı olan fiziki və ya hüquqi şəxs 10 (on) bank günü müddətində layihə üzrə ödənilmiş vəsaiti Fonda köçürməlidir. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) təqvim gününü keçdiyi təqdirdə, yaranmış mübahisələr, tərəflər arasında bağlanılmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının bu sahədəki normativ hüquqi aktlarına uyğun olaraq həll edilir.
6.7. Müvəkkil kredit təşkilatı Agentliyin müəyyən etdiyi qaydada ildə azı 2 (iki) dəfə hər bir fiziki və ya hüquqi şəxsin Fondun güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə etməsinin monitorinqini aparır və nəticəsi barədə Agentliyin müəyyən etdiyi formada Agentliyə hesabat təqdim edir. Müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsinin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini fiziki və ya hüquqi şəxsdən tələb etməlidir. Fiziki və ya hüquqi şəxsin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı məhz bu layihə ilə bağlı kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunu 10 (on) iş günü müddətində Fonda köçürməlidir.
6.8. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Agentlik güzəştli kredit götürən fiziki və ya hüquqi şəxsdə müstəqil monitorinq apara bilər. Agentliyin apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı tərəfindən fiziki və ya hüquqi şəxsin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Fonda köçürülür. Agentliyin yazılı tələbindən sonra müvəkkil kredit təşkilatı vəsaitin 10 (on) iş günü müddətində köçürülməsini gecikdirərsə, bu Qaydanın 4.17-ci bəndinə uyğun olaraq Agentliyə cərimə ödəyir. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) iş gününü keçdiyi təqdirdə, Agentlik gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür.
6.9. Agentliyin müəyyən etdiyi monitorinq keçirilməsi qaydasını müvəkkil kredit təşkilatı 3 (üç) dəfə pozduqda, həmin müvəkkil kredit təşkilatı üçün Agentliyin müəyyən etdiyi limitlər ləğv edilə və müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edilə bilər.
“Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası”na Əlavə |
Satışından enerji effektivliyi fonduna vəsait köçürülməsi nəzərdə tutulan enerji resurslarının siyahısı və köçürülən vəsaitin məbləği (ƏDV-siz)
Sıra №-si | Enerji resursları | Köçürülən vəsaitin məbləği (faizlə) |
Ölkədaxili istehsalçı tarifi ilə satışdan daxil olan vəsaitdən: | ||
1. | Elektrik enerjisi | 0,03 |
2. | Təbii qaz | 0,03 |
3. | Avtomobil benzini (Aİ-92) | 0,5 |
4. | Dizel yanacağı | 0,5 |
E-QANUN
https://e-qanun.az/framework/56499