Energetika Nazirliyi yanında İctimai şura üzvlüyünə namizədlərin irəli sürülmə vaxtı elan edilib
Energetika Nazirliyi yanında İctimai şura üzvlüyünə namizədlərin irəli sürülmə vaxtı elan edilib

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında İctimai şuraya seçkilərin təşkili məqsədi ilə yaradılmış Seçki Komissiyasının ilk iclası keçirilib. İclasda İctimai şura üzvlərinin say həddinin müəyyən edilməsi, namizədlərin irəli sürülməsi, qeydiyyatın başlanılması və başa çatması vaxtının elan edilməsi məsələləri müzakirə edilib.
İclasda “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa, bu qanunun müvafiq maddəsinin icrası ilə bağlı Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Energetika Nazirliyi yanında İctimai şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə 10 mart 2026-cı il tarixindən başlanılması qərara alınıb. Namizədlərin qeydə alınması prosesi 20 iş günü müddətində, yəni 15 aprel tarixində yekunlaşacaq.
Qeyd edək ki, İctimai şura üzvlərinin say həddi 5 nəfər müəyyən edilib. Müvafiq sahədə fəaliyyət göstərən hər bir vətəndaş cəmiyyəti institutu İctimai şura üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
Müraciət etmək istəyən vətəndaş cəmiyyəti institutlarından İctimai şuranın üzvlüyünə irəli sürülən namizəd barədə aşağıdakı sənədləri təqdim etmələri xahiş olunur:
– Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
– Namizədin tərcümeyi-halı;
– Namizədin energetika sahəsi üzrə vətəndaş cəmiyyəti institutunun üzvlüyünü təsdiq edən sənədin surəti;
– Şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).
Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.
İctimai şuraya namizədliyi irəli sürülmüş şəxsin qeydiyyatına Seçki Komissiyası tərəfindən 3 iş günü müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək. Şuraya seçkilər namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi başa çatdıqdan sonra bir ay müddətində keçiriləcək.
İctimai şura üzvlüyünə namizədlərin irəli sürülməsi ilə bağlı tələb olunan məlumatlar [email protected] və [email protected] elektron ünvanları vasitəsilə təqdim edilə bilər.