Energetika Nazirliyi bp ilə günəş enerjisi layihəsi üzrə əməkdaşlığa başlayır

 Energetika Nazirliyi  bp ilə günəş enerjisi layihəsi üzrə əməkdaşlığa başlayır

Bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyi və BP,  Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıblar.

Bu sənəd işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35%-dək azaltmaq öhdəliyinin, bp-nin isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imzalanıb.

İcra Müqaviləsi çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir. Müvafiq fəaliyyətin həyata keçirilməsi məqsədilə “Rəhbər Komitə”nin yaradılması da nəzərdə tutulur.

Xatırladaq ki, 2021-ci ilin fevral ayında  Energetika Nazirliyi və bp şirkəti arasında iri miqyasda karbonsuzlaşdırılmış və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın regionlarında və şəhərlərində bərpa olunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu da  imzalanıb.