Energetika Naziri Rusiyaya səfəri zamanı iki tərəfli görüşlər keçirib

 Energetika Naziri Rusiyaya səfəri zamanı iki tərəfli görüşlər keçirib

Energetika naziri “Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak və energetika naziri Nikolay Şulqinovla ayrı-ayrılıqda baş tutan görüşlərdə neft-qaz, elektroenergetika sahələrində əməkdaşlığın mövcud vəziyyəti, birgə layihələrin icrası və bir sıra digər məsələlər müzakirə olunub. İki ölkə arasında enerji sahəsində əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdiyi vurğulanıb. Bərpa olunan enerji sahəsində mövcud olan siyasət və həyata keçirilən strateji layihələr haqqında danışılıb. Enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə enerji mənbələrinin şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb, hər iki ölkədə bu istiqamətdə real addımların atıldığı qeyd edilib.

Rusiyaya səfəri zamanı Energetika Naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Əbdüləziz bin Salman Əl Səud ilə görüş keçirilib. Görüşdə “OPEC plus” razılaşmasının perspektivləri barədə fikir mübadiləsi aparılıb, “OPEC plus” ölkələri arasında konsensusun bazarın balanslaşdırılmasında həlledici rolunun praktiki nəticələri qeyd edilib.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə baş tutan görüşdə iki ölkə arasında neft, qaz, “yaşıl enerji” sahələrində əməkdaşlıqdan irəli gələn məsələlər müzakirə edilib, ölkələrin enerji tənzimləyici qurumları arasında mövcud əlaqələrin inkişafına dəstək ifadə olunub.