2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Energetika naziri Çin Beynəlxalq Enerji Keçidi Forumunda Azərbaycanın enerji təhlükəsizliyi və enerji keçidinə töhfələrindən danışıb
Energetika naziri Pərviz Şahbazov Çində “Ortaq yaşıl gələcək üçün enerji keçidinin birgə təşviqi” devizi altında keçirilən Beynəlxaq Enerji Keçidi Forumunda onlayn formatda iştirak edib.
Açılış mərasimində çıxış edən nazir enerji keçidinin həyata keçirilməsində siyasi qərarlar qədər iqtisadi və texnoloji reallıqların da mühüm amillərdən olduğunu vurğulayıb. Bildirilib ki, hazırkı keçidin məqsədi qısa müddət ərzində dünya iqtisadiyyatının enerji əsaslarını tamamilə dəyişdirməkdir: “Halbuki ilk enerji böhranı göstərdi ki, istənilən uğurlu enerji keçidi enerji trilemmasının təhlükəsizlik, əlçatanlıq və davamlılıqdan ibarət hər üç elementini nəzərə almalıdır. Enerji keçidini sürətləndirməklə yanaşı, mövcud enerji sisteminə investiyalara, aydın baxış və möhkəm əməkdaşlığa ehtiyacımız var. Ətraf mühitin mühafizəsini və enerji təhlükəsizliyini təmin edə biləcək ədalətli və inkluziv enerji keçidini dəstəkləməliyik.”
Energetika naziri region və Avropa ölkələrinin enerji təhlükəsizliyində strateji rol oynayan Azərbaycanın emissiyaları azaltmaqla neft-qaz sektorunun inkişafı ilə bərabər sürətli “yaşıl enerji” kursunu həyata keçirdiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək siyasi iradəsi və aydın strateji baxışının nəticəsi olaraq “yaşıl enerji”nin 2030-cu ilədək ölkəmizin sosial-iqtisadi inkişafında, təmiz ətraf mühitə və “yaşıl artım”a nail olmasında həlledici status qazandığı qeyd edilib: “Hazırda “China Gezhouba Group Overseas Investment” şirkəti də daxil olmaqla beynəlxalq enerji şirkətləri ilə 28 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq edirik. Bu “yaşıl enerji” güclərinin 2027-ci ilədək 3 QVt-dan çoxunun istismara verilməsi planlaşıdırılır ki, nəticədə ölkəmizin elektrik enerjisi istehsalının gücündə bərpa olunan enerji mənbələrinin payı 37%-dən çox olacaq. Həmçinin 2030-cu ilə daha 5 QVt-lıq layihələrin reallaşdırılması planlarımız var.”
Bildirilib ki, bütün bunlar Azərbaycanın müxtəlif istiqamətlərdə ixracatçıya çevrilməsinə, “Xəzər-Aİ yaşıl enerji dəhlizi” vasitəsilə avropalı tərəfdaşlarımızın enerji təchizatının yaşıl elektrik enerjisi, hidrogen ilə şaxələndirilməsinə töhfə verəcək. Çıxışda, həmçinin “Bir kəmər, bir yol” layihəsinin iştirakçıları, “Orta Dəhliz”in reallaşdırılmasına çalışan tərəfdaşlar, dost ölkələr olan Azərbaycanla Çinin yaşıl enerji tərəfdaşlığının daha da genişlənəcəyinə inam ifadə edilib.