2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Energetika naziri Bolqarıstanın iqtisadiyyat və sənaye naziri ilə qaz tədarükü üzrə əməkdaşlığı müzakirə edib
Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov ilə görüşüb. Görüşdə Bolqarıstana Azərbaycan qazının tədarükü, eləcə də ikitərəfli enerji əməkdaşlığına dair məsələlər müzakirə edilib.
Bolqarıstanla dostluq və tərəfdaşlıq münasibətlərinin enerji əməkdaşlığı ilə dərinləşdiyini deyən energetika naziri Pərviz Şahbazov Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) hazır olmasa da, Azərbaycanın ötən ildən indiyə kimi bu ölkəni 555 milyon kubmetr təbii qazla təchiz etdiyini bildirib. Nazir bu ilin iyul ayından Bolqarıstana gündəlik qaz nəqlinin 2,6 milyon kubmetrə yüksəldiyini və ilin sonuna qaz ixracının, təxminən, 600 milyon kubmetr proqnozlaşdırıldığını diqqətə çatdırıb.
Görüşdə Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) kommersiya fəaliyyətinə başlamasının oktyabra planlaşdırıldığı qeyd edilib və kəmərin Bolqarıstan, ümumilikdə isə Cənub-Şərqi Avropanın enerji təchizatına töhfə verəcəyi vurğulanıb. Söhbət zamanı Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi çərçivəsində Bolqarıstana əlavə qaz həcmlərinin tədarükü perspektivləri də nəzərdən keçirilib.
Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov isə Azərbaycanın hər zaman etibarlı tərəfdaş olduğunu vurğulayaraq ölkəsinin TAP-ın genişləndirilməsi mərhələsində əməkdaşlığa marağını ifadə edib.
Görüşdə, həmçinin Azərbaycanın Xəzər dənizinin külək enerjisi potensialından elektrik enerjisi və hidrogenin istehsalı və ixracı ilə bağlı planları və “yaşıl enerji”nin Avropaya ixrac perspektivləri, eləcə də enerji sahəsində digər istiqamətlər üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.