2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Energetika naziri: “Azərbaycan “yaşıl enerji” dəhlizi ilə bərpa olunan enerji sahəsində regional inteqrasiyada mühüm rol oynayacaq”
Energetika naziri Pərviz Şahbazov Əbu-Dabidə IRENA Assambleyasının 14-cü sessiyası çərçivəsində “Bərpa Olunan Enerjinin Üçqat Artırılması” mövzusunda keçirilən yüksək səviyyəli plenar sessiyada çıxış edib.
Çıxışda Azərbaycanın “Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd”ə qoşulması ölkəmizin “yaşıl enerji” keçidinə sadiqliyi kontekstində dəyərləndirilib. COP29-un isə Azərbaycana bərpa olunan enerjinin inkişafı ilə bağlı əldə olunmuş nailiyyətləri irəliyə aparmaq imkanı yaratdığı qeyd olunub. Bildirilib ki, COP29 yeni qlobal kollektiv maliyyə məqsədlərinin qəbulu üçün səylərin səfərbər edilməsində mühüm platforma olacaq: “Maliyyə 2030-cu ilə qədər bərpa olunan enerjinin üçqat artırılmasının da mühüm şərtlərindəndir. İnvestisiyalar istehsal güclərinin yaradılmasına, enerji sisteminə inteqrasiyasına, şəbəkənin gücünün artırılmasına, modernləşməsinə, ölkələr arasında interkonnektorların, enerji saxlanc sistemlərinin qurulmasına yönəldilməlidir”, deyə nazir əlavə edib.
Azərbaycanın 2030-cu ilədək bərpa olunan enerji potensialının ölkə və regional miqyasda artmasına töhfə verən ölkə olacağını vurğulayan nazir bu xüsusda Avropa İttifaqı ilə enerji tərəfdaşlığının mühüm komponenti olan “yaşıl enerji”nin tədarükü ilə bağlı həyata keçirilən layihələrdən bəhs edib. Bildirilib ki, regional kontekst bərpa olunan enerjinin üçqat artırılması hədəfində strateji əhəmiyyət daşıyır. İlin sonunadək texniki-iqtisadi əsaslandırması hazır olacaq “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi Azərbaycanı bərpa olunan enerji sahəsində regional inteqrasiyada aparıcı ölkələrdən birinə çevirəcək.