2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Energetika naziri ABŞ Dövlət katibinin nümayəndəsi ilə görüşüb
Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında iştirak məqsədilə ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanı qəbul edib.
Nazir Məşvərət Şurasının toplantısında iştiraka görə təşəkkür edib və Məşvərət Şurasının Cənub Qaz Dəhlizi üzrə uğurlu təcrübəsinin bu ildən yaşıl enerji sahəsində tətbiqindən bəhs edib. Energetika naziri hazırda Cənub Qaz Dəhlizi vasitəsilə tədarükün artırılması ilə yanaşı yaşıl enerjinin Azərbaycandan Avropaya təchizatı ilə bağlı proseslərin gedişatı barədə məlumat verib. Dəhlizin 2027-ci ilə qədər genişləndirilməsi üçün zəruri proseslərin sürətləndirilməsinin və birgə əməkdaşlığın vacibliyi qeyd olunub. Həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq edildiyi, Xəzərin bərpa olunan enerji resurslarının elektrik enerjisi və yaşıl hidrogen şəklində Avropaya nəqlinin nəzərdən keçirildiyi bildirilib.
Xanım Laura Loxman isə Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə olduğunu və yaşıl enerji ilə bu töhfələrin davam etdirilməsini yüksək qiymətləndirib.
Söhbət zamanı ABŞ-la Azərbaycan arasında enerji sahəsində ikitərəfli əməkdaşlığa və qlobal enerji gündəliyində olan məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.