2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
“Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydasının və qiymətləndirmə meyarları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
“Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydasının və qiymətləndirmə meyarları”nın təsdiq edilməsi haqqında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli
Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydası və qiymətləndirmə meyarları” təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 18 aprel 2023-cü il
№ 123
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2023-cü il 18 aprel
tarixli 123 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydası və qiymətləndirmə meyarları
1. Ümumi müddəalar
1.1. “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydası və qiymətləndirmə
meyarları” (bundan sonra – Qayda) “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası
Qanununun (bundan sonra – Qanun) 13.2-ci maddəsinə əsasən hazırlanmışdır, elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı
üzrə effektivlik potensialının qiymətləndirilməsi (bundan sonra – effektivlik potensialının qiymətləndirilməsi) qaydasını və qiymətləndirmə meyarlarını müəyyən edir.
1.2. Effektivlik potensialının qiymətləndirilməsinin məqsədi texniki cəhətdən mümkünlüyü və iqtisadi cəhətdən əlverişliliyi nəzərə alınmaqla, enerji resurslarından səmərəli istifadəyə yönəldilmiş enerji effektivliyi üzrə tədbirlərin hazırlanmasını və onların yerinə yetirilməsini, habelə qənaət oluna biləcək enerjinin miqdarının müəyyən edilməsini təmin etməkdən ibarətdir.
1.3. Effektivlik potensialının qiymətləndirilməsi Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən, effektivlik potensialının qiymətləndirilməsi əsasında enerji effektivliyinin təmin edilməsi üçün tədbirlər isə Nazirliyin tabeliyində
olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.
1.4. Bu Qayda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”
Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tətbiq edilir.
1.5. Bu Qaydada istifadə olunan anlayışlar Qanunda və energetika sahəsində digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.
2. Effektivlik potensialının qiymətləndirilməsinin subyektləri və şərtləri
2.1. Nazirlik tərəfindən effektivlik potensialının qiymətləndirilməsi növbəti və növbədənkənar qaydada aparılır.
2.2. Aşağıdakı tələblərə cavab verən təsərrüfat subyektləri üzrə effektivlik potensialının qiymətləndirilməsi həyata keçirilir:
2.2.1. qoyuluş gücü 3 MVt-dan artıq olan və təbii qazdan və (və ya) digər yanacaq növlərindən istifadə etməklə elektrik və (və ya)
istilik enerjisinin istehsalı fəaliyyətini həyata keçirən təsərrüfat subyektləri;
2.2.2. emal həcmindən asılı olmayaraq təbii qazı emal edən təsərrüfat subyektləri.
2.3. Effektivlik potensialının qiymətləndirilməsi məqsədilə təsərrüfat subyektləri hər hesabat ili üçün növbəti il 31 yanvaradək
bu Qaydanın 3.1-ci və 3.2-ci bəndləri ilə müəyyən edilmiş qiymətləndirmə meyarlarına dair məlumatları özündə əks etdirən və
bu Qaydaya əlavə olunmuş 1 və 2 nömrəli formalara uyğun hesabatları yazılı və ya elektron qaydada Nazirliyə təqdim edir.
2.4. Effektivlik potensialının növbəti qiymətləndirilməsinin nəticələri bu Qaydanın 2.5-ci bəndi nəzərə alınmaqla, üç ildən bir
qərarla rəsmiləşdirilir.
2.5. Aşağıdakı hallarda effektivlik potensialının qiymətləndirilməsinin nəticələri növbədənkənar qaydada üç ildən tez qərarla
rəsmiləşdirilir:
2.5.1. istehsal/emal prosesində baş verən itkilər əvvəlki qiymətləndirilmədəki göstəricilərə nisbətən 10 faizdən çox artdıqda;
2.5.2. istehsal prosesində faydalı iş əmsalı əvvəlki qiymətləndirilmədəki göstəricilərə nisbətən 10 faizdən çox azaldıqda;
2.5.3. təsərrüfat subyektinin müraciəti olduqda.
2.6. Effektivlik potensialının qiymətləndirilməsi təsərrüfat subyektləri tərəfindən həyata keçirilmiş aşağıdakı enerji effektivliyi
üzrə tədbirlər nəzərə alınmaqla aparılır:
2.6.1. enerjiyə qənaət edən yeni texnoloji vasitələrin tətbiqi;
2.6.2. səmərəliliyi artıran təmir və sazlamalar;
2.6.3. iş rejimləri və texnoloji proseslərin optimallaşdırılması.
2.7. Effektivlik potensialının qiymətləndirilməsi məqsədilə təsərrüfat subyektləri tərəfindən təqdim edilmiş hesabatlarda hər bir
enerji effektivliyi üzrə tətbiq olunmuş tədbir bu Qaydanın 3.2-ci bəndi ilə müəyyən edilmiş iqtisadi qiymətləndirmə meyarları nəzərə
alınmaqla əsaslandırılmalıdır. Bu Qaydanın 3.4-cü bəndinin tələbinə cavab verməyən enerji effektivliyi üzrə tədbirlərin həyata
keçirilməsinə yol verilmir.
3. Effektivlik potensialının qiymətləndirmə meyarları
3.1. Effektivlik potensialının texniki qiymətləndirmə meyarlarına aşağıdakılar aiddir:
3.1.1. istehsal/emal həcmi;
3.1.2. elektrik və istilik gücü;
3.1.3. istehsal/emal olunan məhsulun itki səviyyəsi;
3.1.4. faydalı enerji buraxılışı (şəbəkəyə ötürülən enerji);
3.1.5. faydalı iş əmsalı;
3.1.6. məhsulun istehsalına yanacağın xüsusi sərfi (istehsal qurğusunun bilavasitə çıxışında məhsulun vahidinə sərf olunan yanacaq miqdarı);
3.1.7. təbii qazın emalı sahəsi üzrə qazın vahid həcminə uyğun məhsul istehsalı.
3.2. Effektivlik potensialının iqtisadi qiymətləndirmə meyarlarına aşağıdakılar aiddir:
3.2.1. enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsi üçün zəruri olan investisiya qoyuluşları;
3.2.2. enerji effektivliyi üzrə tədbirlərin iqtisadi qiymətləndirilməsinin aparıldığı dövrdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan rəsmi inflyasiya göstəricisi;
3.2.3. enerji effektivliyi üzrə tədbirlər hesabına əldə ediləcək ümumi qənaətdən yaranan xalis pul vəsaiti daxilolmaları;
3.2.4. enerji effektivliyi üzrə tədbirlər hesabına əldə ediləcək ümumi qənaətdən yaranan, əsaslandırılmış enerji (enerji resursları)
qiymətləri nəzərə alınmaqla xalis pul vəsaiti daxilolmalarının cari diskontlaşdırılmış dəyəri.
3.3. Enerji effektivliyi üzrə tədbirlərin iqtisadi cəhətdən əlverişliliyi aşağıdakı düsturla hesablanır:
E*=A / İ
Burada
* – enerji effektivliyi üzrə tədbirlər nəticəsində əldə ediləcək qənaət əmsalı;
A – enerji effektivliyi üzrə tədbirlər hesabına əldə ediləcək ümumi qənaətdən yaranan, əsaslandırılmış enerji (enerji resursları) qiymətləri nəzərə alınmaqla xalis pul vəsaiti daxilolmalarının cari diskontlaşdırılmış dəyəri (AZN);
İ – enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsi üçün zəruri olan investisiya qoyuluşları (AZN).
3.4. Bu Qaydanın 3.3-cü bəndində qeyd edilən E* ifadəsinin dəyəri 1-dən yuxarı olduqda enerji effektivliyi üzrə tədbir iqtisadi
cəhətdən əlverişli hesab olunur.
4. Effektivlik potensialının hesablanması
4.1. Effektivlik potensialı aşağıdakı qiymətləndirmə istiqamətlərinə uyğun olaraq hesablanır:
4.1.1. enerji effektivliyi üzrə tədbirlər nəticəsində istehsal və ya emal prosesi üzrə gözlənilən itki səviyyəsinin azaldılması yolu ilə
səmərəliliyin artırılması;
4.1.2. enerji effektivliyi üzrə tədbirlər nəticəsində istehsal prosesi üzrə faydalı iş əmsalının yüksəldilməsi (yalnız elektrik və
istilik elektrik stansiyaları üzrə) yolu ilə səmərəliliyin artırılması.
4.2. Bu Qaydanın 4.1.1-ci yarımbəndi üzrə hesablamalar aşağıdakı düstur əsasında aparılır:
Ep1 = İEt x (İSf%-İSp%)
Burada:
Ep1 – enerji effektivliyi potensialı olub itkilərin azalması hesabına tələbata uyğun enerjinin istehsalı zamanı əldə olunacaq
enerji qənaəti (Coul);
İEt – enerji effektivliyi üzrə tədbirlərin əhatə etdiyi dövr üzrə proqnozlaşdırılmış enerji istehsal/emal həcmi (Coul);
İSf% – enerji effektivliyi üzrə tədbirlərdən əvvəlki faktiki itki səviyyəsi (%-lə);
İSp% – enerji effektivliyi üzrə tədbirdən sonra proqnozlaşdırılan
itki səviyyəsi (%-lə).
4.3. Bu Qaydanın 4.1.2-ci yarımbəndi üzrə hesablamalar aşağıdakı düstur əsasında aparılır:
Ep2 = Fb x (İEf-İEp) x Əp
Burada:
Ep2 – enerji effektivliyi potensialı – qənaət ediləcək natural yanacaq miqdarı (Coul);
Fb – enerji effektivliyi üzrə tədbirlərin əhatə etdiyi dövr üzrə proqnozlaşdırılmış faydalı enerji buraxılış həcmi;
İEf – enerji effektivliyi üzrə tədbirlərdən əvvəl yanacağın xüsusi sərfi göstəricisi;
İEp – enerji effektivliyi üzrə tədbirlərdən sonra proqnozlaşdırılan yanacağın xüsusi sərfi göstəricisi;
Əp – istiliktörətmə qabiliyyəti nəzərə alınmaqla natural yanacağın konversiya əmsalı.
5. Effektivlik potensialının qiymətləndirilməsinin nəticələrinin rəsmiləşdirilməsi
5.1. Nazirlik enerji effektivliyi potensialının qiymətləndirilməsinin nəticələrini nəzərə almaqla, enerji istehsalçıları üçün enerji
resurslarından səmərəli istifadəyə dair öhdəliklər müəyyən edir.
5.2. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə tədbirləri Qanunun
18-ci maddəsinə uyğun olaraq Nazirlik tərəfindən həyata keçirilir.
5.3. Agentlik tərəfindən effektivlik potensialının qiymətləndirilməsi əsasında enerji effektivliyinin təmin edilməsi üçün tədbirlərin
həyata keçirilməsinə nəzarət Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”na uyğun həyata keçirilir.
5.4. Enerji effektivliyi potensialının qiymətləndirilməsi sahəsində Nazirliyin və Agentliyin qərarlarından inzibati qaydada və ya
məhkəməyə şikayət verilə bilər.
“Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydasına və qiymətləndirmə meyarları”na 1 nömrəli əlavə
Effektivlik potensialının texniki qiymətləndirmə meyarları haqqında
HESABAT