Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə

 Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 19

Bakı şəhəri, 29 dekabr 2024-cü il

Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Elektrik enerjisinin ölkədaxili tarifləri təsdiq edilsin (əlavə olunur).

2. Elektrik enerjisinin alışı (və ya ötürülməsi) “Azərenerji” ASC-nin ötürücü şəbəkəsi vasitəsilə həyata keçirildikdə elektrik enerjisinin təchizatçısı tərəfindən bu qərarın 1-ci bəndi ilə təsdiq edilmiş cədvəl bölməsinin 2-ci sətri ilə müəyyən edilmiş tarif əsasında hesablanmış ötürmə haqqı “Azərenerji” ASC-yə ödənilsin.

3. Elektrik enerjisi təchizatı “Azərenerji” ASC tərəfindən həyata keçirilən bu qərarın cədvəl bölməsinin 3.3-cü sətrində göstərilmiş istehlakçılar üçün müəyyən edilmiş tariflərə elektrik enerjisinin ötürülməsi ilə bağlı tariflər də daxildir.

4. Bu qərarın cədvəl bölməsinin 3.3.1-ci və 3.3.2-ci sətirlərində müəyyən edilmiş tariflərlə 1.5-ci və 2-ci sətirləri ilə müəyyən edilmiş tariflər arasında yaranan fərq “Azərenerji” ASC-nin istehsalla bağlı maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilsin.

5. Bu qərarın cədvəl bölməsinin 3.1.1-ci, 3.1.2-ci və 3.1.3-cü sətirlərində aylıq istehlak həcmi dedikdə elektrik enerjisinin ardıcıl 30 təqvim günü ərzindəki istehlakı nəzərdə tutulur.

6. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2024-cü il 29 dekabr tarixli 18 nömrəli Qərarının 5-ci bəndi ilə müəyyən edilən məqsədlərə görə alınan təbii qazdan istehsal olunan elektrik enerjisinin qiymətləri dövlət tərəfindən tənzimlənmir və həmin istehlakçılara elektrik enerjisinin təchizatı (satışı) “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə  uyğun olaraq müəyyən edilən sərbəst qiymətlərlə həyata keçirilsin.

7. 2025-ci il 2 yanvar tarixinədək ölkə daxilində elektrik enerjisinin dəyəri bu qərardan əvvəl qüvvədə olmuş tariflərə uyğun olaraq hesablansın.

8. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2021-ci il 16 oktyabr tarixli 14 nömrəli Qərarı bu qərar qüvvəyə mindiyi tarixdən ləğv edilsin.

9. Bu qərar 2025-ci il 2 yanvar tarixindən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri                                                           Mikayıl Cabbarov