Ceyhan terminalından 2021-ci ilin 1-ci yarısında 13 milyon tondan artıq xam neft və kondensat yola salınıb

 Ceyhan terminalından 2021-ci ilin 1-ci yarısında 13 milyon tondan artıq xam neft və kondensat yola salınıb

2021-ci ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə 69 milyon dollardan artıq, əsaslı xərclərə isə 12 milyon dollardan artıq vəsait xərclənmişdir.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 488 milyon tondan çox (3,66 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4796 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

Ceyhan terminalında ilk iki rüb ərzində BTC vasitəsilə ixrac olunmuş 13 milyon tondan artıq (təqribən 99 milyon barel) xam neft və kondensat 137 tankerə yüklənmiş və yola salınmışdır.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Xatırladaq ki, BTC Ko.-nun səhmdarları: bp (30,10%); AzBTC (25,00%); MOL (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.