2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
CAREC-in Enerji Sektorunun Koordinasiya Komitəsinin 31-ci iclası keçirilib
10 iyun tarixində Azərbaycanın sədrliyi ilə videokonfrans formatında Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının Enerji Sektoru Koordinasiya Komitəsinin 31-ci iclası keçirilib. Tədbirdə 11 üzv ölkədən və bir sıra beynəlxalq qurumlardan olan 80-ə yaxın nümayəndə iştirak edib.
İclasda Enerji Sektoru Koordinasiya Komitəsi çərçivəsində əməkdaşlığın yeni innovativ üsulları, CAREC-in 2030-cu ilədək enerji strategiyasının həyata keçirilməsində əsas çağırışlar, enerji islahatlarının onlayn atlasının hazırlanması, qadınların energetika sektorunda rolu, “yaşıl enerji” layihələrinin maliyyələşdirilməsi üçün regional maliyyə alətinin yaradılması məsələlərinə toxunulub.
İclasa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev açılış nitqi ilə çıxış edərək bildirib ki, CAREC proqramı iyirmi il ərzində regional əməkdaşlıq üçün katalizator rolunu oynamaqla əlaqələrin daha da gücləndirilməsinə fəal şəkildə töhfə verir. Azərbaycan da enerji sahəsində regional əməkdaşlığın və inteqrasiyanın daha da gücləndirilməsinə sadiqdir.
Tədbirdə Enerji Sektoru Koordinasiya Komitəsi çərçivəsində yaradılmış üç İşçi qrupunun və üç məqsəd qruplarının hesabatları dinlənilib. Enerji effektivliyi və enerji balansının şaxələndirilməsi üzrə İşçi qrupunun həmsədri, Nazirliyin Enerji səmərəliliyi sektorunun müdiri Asəf Rzayev “Yaşıl enerji” layihələrinin maliyyələşdirilməsi üzrə yeni regional mexanizm konsepsiyası və enerji effektivliyi üzə məlumatlandırılmanın gücləndirilməsi mövzusunda təqdimatla çıxış edib.
Tədbirdə iştirak edən müxtəlif ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri energetika sahəsində əməkdaşlığın gücləndirilməsi, enerji təhlükəsizliyi, islahatlar, qadınların iştirakının dəstəklənməsi, bərpa olunan enerji və enerji effektivliyi sahəsində regionda və dünyada gedən proseslər haqqında təcrübələrini bölüşmüşlər.
Xatırladaq ki, 2021-ci ildə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına ölkəmiz sədrlik edir.