2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Cənubi Qafqaz Boru Kəmərinin operatorluğu bp-dən SOCAR-a ötürülüb
Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) operatorluğunun BP Exploration (Shah Deniz) Limited şirkətindən SOCAR Midstream Operations Limited şirkətinə ötürülməsi prosesi avqustun 1-də başa çatıb.
Cənubi Qafqaz Boru Kəməri təbii qazın Azərbaycandan Gürcüstan ərazisi üzərindən Türkiyə və Avropaya ixracı üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizinin dörd seqmentindən biridir.Texniki operatorluğun ötürülməsi 2013-cü ilin dekabrında imzalanmış CQBK sahibləri arasında sazişin yenilənmiş variantında nəzərdə tutulub. Saziş CQBK-nin genişləndirilməsi layihəsi başa çatdıqdan bir il sonra SOCAR-a boru kəmərinin texniki operatorluğunu öz üzərinə götürmək hüququ verib. Kəmərin genişləndirilməsi üzrə tikinti işləri 2019-cu ilin martında başa çatıb. 2020-ci ilin martında isə SOCAR Midstream Operations Limited razılaşdırılmış keçid dövründə rəsmən CQBK-nin texniki operatoru olub. 2020-ci ilin martında başlayan keçid prosesi 2021-ci ilin iyulunda müvəffəqiyyətlə başa çatıb. COVID-19-un yaratdığı problemlərə baxmayaraq, bp və SOCAR keçid prosesinin bütün aspektlərini effektiv həyata keçirmək üçün sıx əməkdaşlıq etmişlər.
Cənubi Qafqaz Boru kəməri (CQBK) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün 2006-cı ilin sonlarında inşa edilib. Kəmər Səngəçal Terminalından başlayır, Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə paralel eyni marşrutda davam edərək, Türkiyədə bu ölkənin qazpaylama sisteminə qoşulur. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) Şahdəniz yatağının tam miqyaslı işlənməsi və Cənub Qaz Dəhlizinin açılması ilə bağlı olub. Layihəyə 2013-cü ildə start verilib və 2018-ci ilin iyun ayında istismara verildikdən sonra Türkiyəyə, 2020-ci ilin dekabr ayında isə Avropaya qaz nəql etməyə başlayıb. Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bp (28,8%), TPAO (19%), AzSCP (10%), SGC Midstream (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%) və NİKO (10%) şirkətləridir.