2023-cü ilin I rübündə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) istismarına 20 milyon dollar sərf olunub

 2023-cü ilin I rübündə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) istismarına 20 milyon dollar sərf olunub

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%), NİKO (10,00%).

 İlin birinci rübündə CQBK-nin əməliyyat xərcləri təqribən 20 milyon dollar, əsaslı xərclər isə 2 milyon dollardan çox olub.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Rüb ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 61,6 milyon kubmetr olmuşdur.

Geoloji kəşfiyyat

2023-cü ilin birinci rübündə biz iki yeni kəşfiyyat quyusu qazmağa başladıq:

  • Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş çərçivəsində Şahdəniz müqavilə sahəsində yeni bir kəşfiyyat quyusu
    (SDX-8). Quyunun qazılmasına 20 yanvar 2023-cü il tarixində başlanıb və o, Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə qazılır. Quyu Şahdəniz yatağının şərq cinahında yerləşir və yatağın hazırda istismarda olan məhsuldar laylarının altındakı daha dərin horizontları qiymətləndirmək məqsədilə qazılır.
  • Azəri-Çıraq-Günəşli strukturunda hazırda istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni bir qiymətləndirmə quyusu (A22z). Bu quyunun qazılmasına 7 fevral 2023-cü il tarixində başlanıb və o, Çıraq platformasından mövcud A22 injektor quyusundan yan lülə şəklində qazılır. Quyu AÇG strukturunun cənub cinahı ərazisindəki dərin qaz laylarına daxil olacaq. Əgər uğurlu olarsa, quyudan əldə olunacaq məlumat həmin ərazinin strukturu və dərin laylardakı təzyiqlər haqqında anlayışların genişlənməsinə imkan verəcək.

Birinci rübdə biz həmçinin Şəfəq-Asiman dəniz blokunda qazılmış ilk kəşfiyyat quyusundan, yəni SAX01 quyusundan əldə edilmiş məlumatların təhlilinin nəticələrinin interpretasiyasını davam etdirmişik. Bu interpretasiya karbohidrogen ehtiyatlarını dəyərləndirmək və kəşfiyyat işlərinin növbəti mərhələsini planlaşdırmaq üçündür.