Buxarestdə yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin dördüncü iclası keçirilib

 Buxarestdə yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin dördüncü iclası keçirilib

25 iyul tarixində Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin dördüncü iclası keçirilib. Tədbirdə ölkəmizi energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Buxarest səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Rumıniyanın energetika naziri Sebastian Ioan Burduja arasında görüş olub.

Görüşdə Azərbaycan və Rumıniya Prezidentlərinin qarşılıqlı səfərlərinin iki ölkə arasında əməkdaşlıq üçün əhəmiyyəti, energetika sahəsində münasibətlərin çoxşaxəli və intensiv inkişafı vurğulanıb. “Xəzər dənizi – Avropa İttifaqı yaşıl enerji dəhlizi” ilə bağlı inkişaf planlarının Azərbaycan-Rumıniya enerji tərəfdaşlığı üçün strateji əhəmiyyəti bir daha qeyd edilib. Yaşıl enerji dəhlizinin yaradılması çərçivəsində imzalanan Memorandumla nəzərdə tutulan işlərin sürətlə həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Eyni zamanda təbii qazla bağlı müqavilələr çərçivəsində müzakirələr aparılıb, bu istiqamətdə Romqaz və SOCAR arasında mütəmadi əlaqələrin əhəmiyyəti qeyd edilib. Qarşı tərəfdən SOCAR-ın Rumıniyadakı fəaliyyətinin yüksək qiymətləndirildiyi, bu fəaliyyətin inkişafının bazardakı rəqabətlilik və enerji təhlükəsizliyi nöqteyi-nəzərdən əhəmiyyətli olduğu diqqətə çatdırılıb.

Görüşdə enerji sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıqdan irəli gələn bir sıra digər məsələlər də nəzərdən keçirilib.