2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Buxarestdə yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə dördüncü nazirlər iclası keçirilib
Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin dördüncü iclası keçirilib.
Tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Gürcüstanı iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze, Rumıniyanı energetika naziri Sebastian Ioan Burduja, Macarıstanı isə Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Peter Sztaray təmsil edib. Görüşdə, həmçinin Bolqarıstanın və Avropa Komissiyasının nümayəndələri də iştirak edib.
İclasda Sazişin iştirakçısı olan dörd ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, müvafiq ölkələrin sistem operatorlarının iştirakı ilə təsis olunan birgə müəssisə Saziş çərçivəsində yaşıl enerjinin Xəzər dənizindən Avropaya ötürülməsini nəzərdə tutan layihənin reallaşdırılması üçün məsul qurum olmaqla Rəhbər Komitə qarşısında cavabdehlik daşıyacaq.
İclasda layihənin Qara dənizlə bağlı ilkin mərhələsinin texniki-iqtisadi əsaslandırılmasının bu ilin oktyabr ayında başa çatacağı bildirilib, həmçinin “Xəzər dənizi – Avropa İttifaqı yaşıl enerji dəhlizi”nin texniki tapşırığı təsdiq edilərək layihənin texniki-iqtisadi əsaslandırmasının koordinasiyası katiblik funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Energetika Nazirliyinin Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə həvalə edilib.
Sonda yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin dördüncü iclasının yekunlarına dair Protokol imzalanıb və növbəti iclasın Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi razılaşdırılıb.
Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Macarıstanın Baş naziri Viktor Orban tərəfindən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Buxarestdə imzalanıb.