BTC boru xətti ilə 438 milyon tondan çox neft nəql olunub

 BTC boru xətti ilə 438 milyon tondan çox neft nəql olunub

İndiyə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın, təxminən, 438 milyon tondan çox nefti nəql olunub. Qaz kəmərləri ilə Türkiyəyə 82 milyard kubmetr təbii qazın çatdırılmasını təmin edilib. Son üç ildə, təxminən, 20,7 milyon ton həcmində Türkmənistan mənşəli xam neft və neft məhsulları, həmçinin ötən il 106 min ton Qazaxıstan nefti də Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarına nəql olunub.

Bu barədə Energetika Naziri Pərviz Şahbazov İƏT-in energetika nazirlərinin IV iclasında məlumat verib.

Enerji vasitəsilə inteqrasiyada “Cənub Qaz Dəhlizi”nin rolu xüsusilə vurğulanıb: “Bu il TANAP vasitəsilə Türkiyə istehlakçılarına 2,5 milyard kubmetr, Avropa istehlakçılarına isə TAP ilə 2,8 milyard kubmetr təbii qaz ixrac edilib. Cənub Qaz Dəhlizinin “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə əksini tapması isə layihənin bölgənin rifahında strateji əhəmiyyətinin ən yüksək səviyyədə təsdiqidir.”