BTC 500 milyon ton neft ixracını qeyd edir

 BTC 500 milyon ton neft ixracını qeyd edir

bp-nin əməliyyatçısı olduğu Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ümumilikdə 500 milyon ton neft nəql edib.

BTC vasitəsilə nəql edilmiş  Xəzər neftinin 500 milyonuncu tonu 12 dekabr tarixində SOCAR-ın nefti yüklənmiş “Nordorse” adlı və sayca 4922-ci olan tankerə yüklənərək Triestə (İtaliya) yola salınıb.

500 milyon ton neft ixracı 2006-cı ildə istismara verilmiş BTC boru kəmərinin 15-ci ildönümünə təsadüf edən mühüm bir hadisədir. Bu 15 il ərzində BTC boru kəməri Xəzər neftini təhlükəsiz, etibarlı, sakit və ekoloji cəhətdən minimum risklə  dünya bazarlarına nəql edib.

İstismara veriləndən bəri BTC boru kəməri müstəsna səmərəlilik nümayiş etdirib və texniki təhlükəsizlik və istismar baxımından yüksək göstəricilərə  nail olub. Onun səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75%-dən artaraq hazırkı 99,9% səviyyəsinə çatıb.

Məlumat üçün bildiririk ki, BTC Ko.-nun səhmdarları: bp (30,10%); AzBTC (25,00%); MOL (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.